“TEHA Group”un icraçı direktoru: Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malikdir - MÜSAHİBƏ VİDEO
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycanın iqtisadi göstəricilərinin keyfiyyəti və sabitliyi ilə qürur duymaq lazımdır. Ölkə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malikdir.
Bu fikirləri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində AZƏRTAC-a müsahibəsi zamanı “The European House – Ambrosetti” və “TEHA Group”un icraçı direktoru, idarəedici tərəfdaşı Valerio De Molli deyib.
Onun sözlərinə görə, “The European House – Ambrosetti”nin apardığı təhlillərə əsasən, Azərbaycanın iqtisadi inkişafı yalnız ÜDM artımı ilə deyil, 24 müxtəlif əsas fəaliyyət göstəricisi əsasında qiymətləndirilir.
“Azərbaycanın iqtisadi göstəricilərinin keyfiyyəti və sabitliyi ilə qürur duymalısınız. Avropanın aparıcı beyin mərkəzi kimi “The European House – Ambrosetti”nin apardığı təhlillərə əsasən, Azərbaycanın dinamiklik dərəcəsi dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olduğunu müəyyən edib. Azərbaycan birbaşa xarici investisiyaların cəlb olunması baxımından dünyada altıncı yerdədir. Həmçinin qatar və gəmilərin istifadə olunduğu Trans-Xəzər bağlantı marşrutlarının yaratdığı böyük imkanlarla logistika baxımından da çox yaxşı format və müsbət nəticə var”, - deyə Valerio De Molli əlavə edib.
Valerio De Molli Azərbaycanda milli valyutanın sabitliyini də vurğulayıb: “Valyuta, iqtisadi və siyasi vəziyyət sabitdir. Təhlükəsizlik səviyyəsi digər ölkələrlə müqayisədə çox yüksəkdir”.
Valerio De Molli “The European House – Ambrosetti”nin Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda strateji məzmun tərəfdaşı qismində iştirakından məmnunluğunu ifadə edib: “Azərbaycan Prezidenti İlham Əliyev və hökuməti ilə II Beynəlxalq İnvestisiya Forumunda strateji məzmun tərəfdaşı kimi əməkdaşlıq etməkdən çox qürur duyuram”.
“TEHA Group”un icraçı direktoru və idarəedici tərəfdaşı Azərbaycanın rəqəmsal və texnoloji inkişaf perspektivlərinə də toxunub. O qeyd edib ki, rəqəmsal və texnoloji innovasiya gələcək rəqabət qabiliyyətinin əsas istiqamətlərindən biridir.
“Rəqəmsal və texnoloji innovasiya gələcək rəqabət qabiliyyətinə diqqət yetirilməli olan üç əsas istiqamətdən biridir. Bu səhər təqdim etdiyimiz strateji araşdırmada Azərbaycanın iki böyük Data Mərkəzinə malik olmasının əhəmiyyətini vurğulamışıq. Bunlar mürəkkəblik baxımından üçüncü dərəcəli ən böyük Data mərkəzlərdən ikisidir. Eyni zamanda, ev təsərrüfatlarına genişzolaqlı fiber-optik bağlantıların təmin edilməsi də mühüm amildir. Bu göstərici təkcə regionda deyil, dünyada ən yüksək göstəricilərdən biridir. Azərbaycan, həmçinin süni intellektdən istifadə ilə bağlı strateji siyasətə malik Asiyanın ilk ölkələri sırasındadır”, - deyə Valerio De Molli əlavə edib.