Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO
Ağdam, 27 sentyabr, AZƏRTAC
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Ağdam şəhərində ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının, tikinti şirkətlərinin əməkdaşları və yerli sakinlər Şəhidlər Xiyabanında xatirə lövhəsinin qarşısına əklil və qərənfillər qoyub, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Saat 12:00-da Ağdam Cümə məscidinin qarşısında bir dəqiqəlik sükut olub. Hərəkət dayanıb, avtomobillərdən siqnallar verilib, polis əməkdaşları hərbi salamla şəhidlərimizin xatirəsini anıblar.
Sonra Ağdam şəhərində ağacəkmə aksiyası keçirilib.
Müxbir – Tahir Ağaməmmədov