AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib.
Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılıb.
Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.
Xatırladaq ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından altı il ötür. Xalqımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi naminə canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edir. Bakının 8 Noyabr prospektində Zəfər parkı da bu ehtiramın təcəssümüdür.