Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu VİDEO
Zaqatala, 28 sentyabr, AZƏRTAC
Zaqatala rayonu, füsunkar dağ iqlimi, təmiz havası, zəngin meşələri və şəfalı bulaqları sayəsində Azərbaycanın uzunömürlülər diyarlarından biri kimi tanınır. Rayonda əsrlik ömür sürən onlarla sakin qeydə alınıb. Onlardan da biri 122 yaşlı, hazırda ölkəmizin ən qocaman əmək təqaüdçüsü Rubeydə Gülməmmədovadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqatala Azərbaycanın cənub bölgəsində yerləşən Lerik rayonu qədər (dünyada yeganə olan Lerik Uzunömürlülər Muzeyi bu rayonda fəaliyyət göstərir-red) bu mövzuda qlobal səviyyədə populyarlaşmasa da müxtəlif xalqların birlik-bərabərlik şəraitində yaşadığı rayonda bir əsri adlayan insanlarla bu gün də qarşılaşmaq mümkündür.
Onlardan da biri Qanıx çayının vadisində yerləşən Yengiyan kəndində yaşayan 122 yaşlı Rubeydə Gülməmmədovadır. Rubeydə nənə 3 övlad – 2 oğlan, 1 qız böyüdüb. Keçmiş illəri hafizəsində yaşadan nənə bəzən təngnəfəs olur, bəzən nitqində qüsur yaranır. Lakin danışarkən özünü toparlayıb yenidən sözünə davam edir.
“Ay bala, bizim uşaqlığımız, gəncliyimiz çox ağır illərə təsadüf edib. O illər aclıq, yoxsulluq illəri idi. İnsanlar çox çalışırdı amma günlərlə çörəyə həsrət qalırdı. Harada idi belə bu qədər yemək-içmək?”-deyir nəfəsini dərir və əlavə edir ki, o zamanlar fındıq ya qozla çay içərdilər, şəkər çox az tapılardı. Anasının onları böyütdüyü illəri xatırlayan Rubeydə nənə bildirir ki, bəkməz, qoz və fındıqdan hazırlanan qarışıqlardan daha çox istifadə ediblər.
Rubeydə nənə çox çalışqan biri olub. Həyat yoldaşı ilə baş-başa verib çox əziyyətlər çəkiblər. 3 övladlarını da həyat yoldaşı ilə baş-başa verib böyüdüblər.
“Bizim uşaqlığımızdan fərqli olaraq öz övladlarımı savadlı, dünyagörüşlü böyütməyə çalışmışıq. Həyat yoldaşımla baş-başa verib onların öncə tərbiyəli övladlar olması üçün səy göstərmişik”, - deyən nənə əlavə edir ki, o zamanlar uşaqlarına ciddi tərbiyə, böyüklərlə davranış öyrətməsəydilər, aşılamasaydılar bu gün tamam başqa bir vəziyyət alınardı.
Rubeydə nənə bildirir ki, bu gün də evdə, ailədə böyüyən nəvə-nəticələrinə ağıllı övlad olması, böyüklərə qayğı ilə yanaşması və dərslərinə əla çalışmasını tövsiyə edir. Rubeydə nənə ev, ailə və övladlarından, nəvələrindən çox razıdır.
Fürsətdən istifadə edib təqaüd kartının kimdə olması ilə maraqlanırıq. Nənə bir an belə tərəddüd etmədən “gəlinimdədir”, - deyir.
“Gəlininizi çoxmu istəyirsiz?” sualına nənə gülümsəyərək belə cavab verdi: “Onlarsız mənim bir günüm olmasın. Onlar mənə baxırlar. Amma əvvəlcə uca Allah. Allah icazə verməsə min adam belə tökülsə xeyri yoxdur. Allahdan istə ki, “ya Rəbbi sən kömək ol”. Gəlinim mənə övladlarımdan daha yaxındır. O illərdir mənim əziyyətimi çəkir. Ona görə oğluma da demişəm, gəlinim mənim nəfəsim, əvəzimdir”.
Rubeydə nənədən uzunömürlüyün sirlərini də maraqlanırıq. Bu məqamda həyat yoldaşını xatırlayır. O həm də ən xoş xatirələrinin də həyat yoldaşı ilə olduğunu bildirir.
“Biz heç vaxt bir-birimizin adını deməmişik. Hər zaman hörmətlə, sayğı ilə davranmışıq. Övladlarımız da bu tərbiyənin sahibləridir”, - deyən Rubeydə nənə əlavə edir ki, ailə sağlam təməl üzərində qurulanda ömür-gün də xoş keçir.
“Uzunömürlülüyə gəlincə, ay oğul, iş insanın cövhəridir. Elə bu gün də işləyəndə rahat oluram. Bizim ailədə keçmişdən bəkməz, qatıq, süd, qoz-fındıq əsas qidalarımız olub. Bəlkə də mənim sağlam qalmağımın bir səbəbi də bu qidaları hər zaman istifadə etməyimdir”, - deyir yaşlı qadın.
Rubeydə nənə el-obada xətri çox istənilən qadındır. Qohum-qonşular tez-tez ona baş çəkir. Yaddaşı aldatmasa maraqlı söhbətləri, xatirələri yetərincə var. Qohumu, bizi müşayiət edən Xuraman Şabanova da ahıl insanı tez-tez yad edir.
“Bizim nənələrin dilində gözəl atalar sözləri, məsələlər, öyüdlər var. Belə ki, bizim Yengiyan kənd qızları ərə getməzdən qabaq həmən yaşlı nəslin nümayəndəsi olan qadınların yanına gedib onlardan gözəl öyüdlər, məsləhətlər alandan sonra ailə qururlar. Biz Rubeydə nənəmizin yanına tez-tez gəlir, onun keçmiş xatirələrini dinləyir və keçmişdə nə qədər acınacaqlı həyat yaşadıqlarını xatırladıqca bu gün dövlətimizin bizə verdiyi imkanlara görə biz özümüzü xoşbəxt hesab edirik. Bu illər ərzində Rubeydə nənədə müşahidə etdiyim ən gözəl adətlərdən biri kin saxlamaması, insanlarla mehriban davranmasıdır”, - deyə Xuraman Şabanova vurğulayıb.
Qohumlarla söhbət əsnasında öyrənirik ki, Rubeydə nənənin 6 nəvəsi, 5 nəticəsi və bir kötükcəsi var. Gəncliyində çox çətinlik, əziyyət çəkən bu qadının ömrünün ahıl yaşında ailə üzvlərindən yüksək diqqət və qayğı görməsi onu daha da sevindirir və qürurlandırır.
Müxbir - Rasim İslamoğlu