İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO
Ankara, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov İğdır vilayətinə səfəri çərçivəsində “Şuşa” uşaq bağçasını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, baş konsul məktəbəqədər təhsil müəssisəsinin binası ilə tanış olub, həmçinin uşaqların Qarabağın rəmzi olan Xarıbülbül çiçəyinin təsviri əks olunan şəkilləri rənglədikləri müsabiqədə iştirak edib.
Baş konsul uşaq bağçasının rəhbərliyi ilə görüşərək iki qardaş ölkənin ümumi dəyərlərinə sadiq ruhda yeni nəslin tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə iştirak edən İğdırdakı Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndəliyinin rəhbəri İlteriş Kağan Taşkınsu qeyd edib ki, İğdır Türkiyənin digər vilayətləri ilə müqayisədə Azərbaycanla həmrəyliyə və sıx birliyə olan istəyin daha aydın ifadə olunduğu bölgələrdən biridir.
“Azərbaycanın mədəniyyət paytaxtının adını daşıyan uşaq bağçasında növbəti tədbirin keçirilməsindən səmimi qəlbdən məmnunuq. Yaşından asılı olmayaraq, hər bir İğdır sakininin qəlbində Azərbaycana sevgi var. Bu gün uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara Türkiyəyə və Azərbaycana məhəbbət hissinin aşılanması heç vaxt olmadığı qədər vacibdir”, – deyə o vurğulayıb.