Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO
Füzuli, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) fəaliyyət istiqamətlərinin genişləndirilməsi balıqçılıq idmanı ilə məşğul olanlar üçün beynəlxalq yarışlarda iştirak imkanları yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri AZSİF-in icraçı vitse-prezidenti Fərhad Əliyev Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ilk mərhələsindən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, balıqçılıq idmanı üzrə beynəlxalq səviyyədə müxtəlif yarışlar, o cümlədən Avropa və dünya çempionatları keçirilir: “Əvvəllər Azərbaycandan bu yarışlara qoşulmaq mümkün deyildi. Artıq bu idman növü federasiyanın nəzdində formalaşıb. Bu da imkan verəcək ki, balıqçılıq idmanı ilə məşğul olan idmançılarımız beynəlxalq yarışlarda iştirak etsinlər”.
AZSİF rəsmisi yaxın günlərdə Azərbaycan təmsilçilərinin beynəlxalq yarışa qatılacağını da açıqlayıb. Onun sözlərinə görə, təxminən bir həftə ərzində Türkiyədə keçiriləcək balıqçılıq idmanı üzrə yarışda Azərbaycan təmsilçiləri də iştirak edəcəklər.
Bu addımın Azərbaycan balıqçılıq idmanının beynəlxalq yarışlarda təmsil olunması və yerli idmançıların təcrübə qazanması baxımından yeni mərhələnin başlanğıcı olacağı bildirilib.