NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət ünvanlayıb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, bir sürücünün zolağa daxil olaraq avtobusun hərəkətinə mane olması və qəza şəraiti yaratması həm avtobusda olan, həm də dayanacaqlarda gözləyən onlarla sərnişinin əlavə vaxt itirməsinə səbəb olur:
“Müşahidələr də onu deməyə əsas verir ki, xüsusilə nəqliyyat sıxlığının yarandığı və avtobus zolaqlarının təşkil edildiyi yollarda bəzi sürücülər sıxlıqdan yayınmaq məqsədilə həmin zolaqlara daxil olaraq avtobusların hərəkətinə çətinlik yaradırlar. Eyni zamanda, avtomobillərin sürücülərinin yaratdığı qəza şəraiti də marşrut avtobuslarının vaxtında dayancaqlara çatmasına mane olur. Sürücülər bilməlidirlər ki, avtobusun hərəkətinə yaradılan hər bir maneə onun marşrut üzrə qrafikindən geri qalmasına, nəticədə isə digər dayanacaqlarda sərnişinlərin daha uzun müddət gözləməsinə gətirib çıxarır. NİİM bu məsələdə sürücüləri daha məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırır”, - deyə müraciətdə bildirilib.