Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO
Naxçıvan, 30 sentyabr, AZƏRTAC
Kəngərli rayonunun Qarabağlar kəndində yaşayan, hazırda ehtiyatda olan xüsusi təyinatlı gizir Murad Xudiyev Vətən müharibəsində Hadrut, Xocavənd, Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Döyüş yolu ağır sınaqlardan keçən qazinin yaddaşında 31 oktyabr 2020-ci il xüsusi yer tutur. Həmin gün Qarabulaq istiqamətində başından güllə yarası alan Murad 10-15 dəqiqə huşsuz vəziyyətdə qalıb. Döyüş yoldaşları onun şəhid olduğunu düşünüb, lakin o, yenidən gözlərini açaraq silahdaşlarının yanına qayıdıb və Şuşanın azad olunmasına qədər mühüm döyüş əməliyyatlarında iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri qəhrəman qazinin döyüş yolu ilə bağlı xatirələrini dinləyərək qeydə alıb.
Ehtiyatda olan gizir Murad Xudiyev deyir ki, ilk hərbi xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında keçib. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə Ermənistan ordusuna qarşı Vətən müharibəsi başlayıb. Oktyabrın 11-də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun döyüşlərə qatılması ilə bağlı tapşırıq verilib. Həmin gün Qarabağ bölgəsində müəyyən edilmiş döyüş ərazilərinə yola düşüblər. İlk döyüşləri Hadrut istiqamətində başlayıb. Həmin ərazilərin azad olunması, qəsəbə və kəndlərdə axtarış-kəşfiyyat işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib. Oktyabrın 17-18-də Hadrut ətrafındakı yüksəkliklərdən birini azad edib və orada müdafiə mövqelərini qurublar.
Murad Xudiyev bildirir ki, oktyabrın 18-də ermənilər həmin yüksəkliyi geri almaq üçün onların üzərinə hücuma keçib. Düşmən ağır silahlardan və artilleriyadan istifadə edib. Nəticədə şəhid və yaralıları olub. Şəhid və yaralıları ərazidən təxliyə etdikdən sonra həmin gecə yüksəklikdə mövqelərini qoruyublar. Döyüşlər daha sonra Xocavənd istiqamətində davam edib. Xocavəndin Tuğ kəndi və digər ərazilərində yüksəkliklərin ələ keçirilməsi, kəndlərin və ətraf ərazilərin düşməndən təmizlənməsi istiqamətində tapşırıqları yerinə yetiriblər. Ardınca Murad Xudiyevin döyüş yolu Füzuli istiqamətindən Qarabulağa uzanıb. O, həmin günləri belə xatırlayır:

“Oktyabrın 30-da həmin istiqamətdə hərəkətə başladıq. Ertəsi gün verilən tapşırığın icrası üçün mövqelərimizi tutduq. Həmin əraziyə hərəkət edərkən düşmən atəşinə məruz qaldıq. Olduğumuz ərazi açıq sahə idi. Atəş nəticəsində baş nahiyəmdən güllə yarası aldım və 10-15 dəqiqə həmin ərazidə huşsuz vəziyyətdə qaldım. Döyüş yoldaşlarım şəhid olduğumu düşünərək bu barədə məruzə ediblər. Qrup komandirim Kamran İbrahimov məni ərazidən çıxarmaq üçün yanıma gələndə gözümü açdım. Dəstə komandirimiz Polat Feyzullayev Kamrandan şəhid olduğumu soruşanda o, “Sağdır, şəhid olmayıb” cavabını verdi”.
Murad yaralandıqdan sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada lazımi tibbi yardım alıb və yenidən döyüş yoldaşlarının sırasına qayıdıb. Qarşıda isə daha bir tarixi döyüş – Şuşa uğrunda mübarizə vardı. Murad Xudiyev bildirir ki, noyabrın 5-də Şuşa istiqamətində hərəkətə başlayıblar. Onların tapşırığı Şuşaya ilk daxil olan heyətə dəstək olmaq və onların ardınca irəliləmək olub. “Şuşaya gir” komandası verildikdən sonra Şuşaya doğru hərəkətə keçiblər. Hərəkət zamanı düşmənin ağır silahlardan açdığı atəş nəticəsində yaralananları olub. O qeyd edir ki, noyabrın 8-də Şuşa tamamilə azad edilib. Şəhərin azad olunmasından sonra Şuşa məscidindən azan səsinin ucalması onlar üçün unudulmaz anlardan biri olub. Noyabrın 10-da digər bölmələrlə birlikdə Şuşa məscidinin və digər ərazilərin təmizlənməsində iştirak ediblər. Bundan sonra Şuşa məscidində ilk namaz qılınıb. Həmin gün həyatlarının ən qürurlu anlarını yaşayıblar.
Vətən müharibəsindən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə Murad Xudiyev “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Qalib Ordunun qalib giziri olmasından fəxr etdiyini bildirən qazimiz qeyd edib ki, bu gün də, bundan sonra da istənilən döyüş tapşırığında Vətənin müdafiəsi uğrunda canla-başla döyüşməyə hazırdır.
Bu gün ehtiyatda olan xüsusi təyinatlı gizir Murad Xudiyev keçdiyi döyüş yolunu qürurla xatırlayır. Şəhid kimi məruzə edildiyi həmin ağır andan yenidən döyüş sıralarına qayıtmasına, Hadrutdan Şuşayadək keçdiyi yoldan sinəsində daşıdığı medallara qədər bütün bu xatirələr onun həyatının ayrılmaz hissəsinə çevrilib. O, indi də Vətənin müdafiəsi üçün istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu deyir. Murad Xudiyevin döyüş yolu bir gizirin keçdiyi sınaqların, silahdaşlarına sədaqətinin və Vətənə bağlılığının canlı hekayəsidir. Şuşada dalğalanan üçrəngli Bayraq isə onun və silahdaşlarının uğrunda mübarizə apardığı yolun ən qürurlu sonluğudur.
Müxbir- Nail Əsgərov