Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO
Mingəçevir, 30 sentyabr, AZƏRTAC
Azərbaycan avarçəkənləri "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci günündə 7 medal qazanıblar.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1500 metr məsafəyə 1 nəfərlik akademik avarçəkmə qayığı yarışlarında (2008-2009) Azər İlyasov finişə birinci çatıb. 1000 metr məsafəyə 1 nəfərlik kayak qayığı yarışlarında isə (2008-2009) Əlimurad Hacızadə 1-ci yerin sahibi olub.
1000 metr məsafəyə 2 nəfərlik kayak qayığı üzrə yarışlarda (2010-2011) Elmir Tarverdiyev və Mustafa Vəlizadə 2-ci yeri tutublar. 1500 metr məsafəyə 2 nəfərlik akademik avarçəkmə qayığı yarışlarında (2010-2011) Məhəmməd Həsənov və İlyas İbrahimov 3-cü yerə sahib çıxıblar.
500 metr məsafəyə 2 nəfərlik kayak yarışlarında (2008-2009) Tengiz Qaqnidze - Qiyas Əhmədov cütlüyü qızıl medal qazanıb. Nuran Rəhimli - Elvin Əliyev cütlüyü 3-cü pillədə qərarlaşıb. 1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) Hüseyn Səmədli də bürünc medal qazanıb.
Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
Müxbirlər - Vüsalə Cənnətova, Vurğun Mədətov