“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO
Mingəçevir, 30 sentyabr, AZƏRTAC
Davamlı məşq edirdik. Hava şəraitinin necə olmasına baxmayaraq, öz üzərimizdə çalışırdıq. Nəhayət çəkdiyim əziyyətin nəticəsini gördüm.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci günündə 1000 metr məsafəyə 1 nəfərlik kayak qayığı yarışlarında 1-ci yerin sahibi olan Əlimurad Hacızadə bildirib.
İdmançı əldə etdiyi uğurun əsas səbəbinin özünəinam və məqsədyönlü məşqlər olduğunu qeyd edib. “Gələn il avarçəkmə və kanoe üzrə “Prezident Kuboku" reqatasında iştirak edəcəyəm. İnanıram ki, orada da yaxşı nəticə əldə edərəm”, - deyə idmançı vurğulayıb.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci günündə Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar.
Müxbirlər - Vüsalə Cənnətova, Vurğun Mədətov