Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək VİDEO
Saatlı, 2 oktyabr, AZƏRTAC
2026-cı ildə Azərbaycanda 90 min hektara yaxın sahədə pambıq əkilib və 89 min hektardan məhsul yığımı gözlənilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı rayonunda baş tutan pambıq yığımı ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq həyata keçirilən bütün tədbirlər məhsuldarlığın artırılmasına yönəlib.
“Dövlət proqramına uyğun olaraq Azərbaycanda məhsuldarlığın 2030-cu ilədək hektardan 5 tona çatdırılması məqsədilə bu il aqrotexniki tədbirlərin, əsasən də torpaq işlərinin daha düzgün həyata keçirilməsi üçün lazer mala ilə işlənilən sahələrə birdəfəlik olaraq 250 manat subsidiya nəzərdə tutulub. Eyni zamanda, damlama suvarma sistemi qurulacaq sahələrdə yığılan məhsulun hər tonuna görə dövlət tərəfindən 300 manat subsidiya ödəniləcək. Bu tədbirlər pambıqçılıqda məhsuldarlığın artırılmasına müsbət təsir edəcək və qarşıdakı illərdə biz qarşıya qoyulan hədəfə nail olacağıq”, - deyə Məcnun Məmmədov vurğulayıb.
Nazir qeyd edib ki, 2025-ci il Azərbaycan pambıqçılığı üçün uğurlu illərdən biri olub: “Sözügedən ildə 100 min hektar sahədə pambıq becərilib, 360 min tondan çox məhsul yığılıb. Bu da Azərbaycan tarixində rekord göstərici sayılır. İldən-ilə məhsuldarlığın artırılmasına yönələn tədbirlər davam etdiriləcək. Pambığın alış qiyməti hazırda dünya bazarında olan qiymətlərlə tənzimlənir. Birja qiymətlərində ilin əvvəlində pambığın qiyməti xeyli aşağı olub, amma ilin ikinci yarısına doğru qiymətlərdə stabilləşmə müşahidə edilib. Hazırda fermerlərə olan dövlət dəstəyi çərçivəsində artırılan subsidiya məhz aqrotexniki qulluğun yaxşılaşdırılmasına yönəlib. Sadə bir hesablama ilə götürsək, əvvəllər bir hektardan 3 ton pambıq yığan fermer damlama suvarma sistemi qurarsa və həmin hektarda məhsul artımına 30 faiz nail olarsa, əvvəlki illərdə aldığı subsidiya 600 manat idisə, yeni mexanizmi ilə 1200 manat subsidiya əldə edə biləcək”.
Məcnun Məmmədov əlavə edib ki, tətbiq olunan yeni dəstək mexanizmləri fermerlərin aqrotexniki tədbirlərə daha çox diqqət yetirməsinə və nəticə etibarilə pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək.
Müxbir-Aydın Yavərzadə