Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO
Ağdərə, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından olan Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür. 2020-ci il sentyabrın 27-də Suqovuşan və Talışın işğaldan qurtarılması ilə mühüm təminat yolları Azərbaycanın nəzarətinə keçdi. Talış və Suqovuşan ətrafındakı yüksəkliklərin azad edilməsi isə ətraf ərazilərə nəzarət imkanlarını genişləndirdi.
AZƏRTAC-ın bölgə müxbiri Suqovuşan və Talış kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçısı, ehtiyatda olan gizir Ziya Təhməzov ilə həmsöhbət olub.

Ziya Təhməzov bildirib ki, əks-hücum əməliyyatı Çaylı kəndi istiqamətində başlayıb. Ağır döyüşlərdən sonra verilən tapşırıq yerinə yetirilib və növbəti mərhələdə əsas istiqamət Talış olub.
O, həmin günləri xatırlayaraq deyib: “Sentyabrın 27-si düşmən təxribatının qarşısını almaq üçün əks-hücum əməliyyatı təşkil olundu. Bizim əks-hücum əməliyyatı Çaylı kəndi istiqamətində başladı. Orda ağır döyüşlər getdi, şəhid və yaralılarımız oldu. Çaylı istiqamətində tapşırığımızı yerinə yetirdikdən sonra əmrə əsasən Tap Qaraqoyunlu-Talış istiqamətində yerləşən Polad postundan əks-hücum əməliyyatı təşkil olundu və uğurlu alındı. Talış kəndinin ətrafındakı strateji yüksəkliklər və Talış kəndi düşməndən azad olundu”.
Talış istiqamətində əldə olunan uğurun döyüşçülərdə yaratdığı ruh yüksəkliyindən danışan Ziya Təhməzov bildirib ki, uzun illər işğal altında qalan torpaqların azad edilməsi şəxsi heyət üçün böyük mənəvi əhəmiyyət daşıyıb.
“Talış kəndi düşməndən azad etdikdən sonra şəxsi heyətdə ruh yüksəkliyi daha da artdı. Hamının sevincinin həddi-hüdudu yox idi. Çünki biz 30 il düşmən tapdağı altında olan torpaqlarımızı azad etmişdik. Əlbəttə ki, şəhid qardaşlarımızın canı-qanı sayəsində”, - deyə Ziya Təhməzov bildirib.
Döyüşlərin Talış yüksəkliyində davam edən hissəsinə toxunan keçmiş hərbçi burada düşmənin bir bölüyünün məhv edildiyini, həmin ərazidən tank əleyhinə “Kornet” silahı, onun raketləri və digər silahların götürüldüyünü söyləyib.
Talışın azad edilməsindən sonra növbəti hədəfin Suqovuşan olduğunu bildirən Ziya Təhməzov həmin istiqamətdə havadan və qurudan kəşfiyyat aparıldığını qeyd edib. Onun sözlərinə görə, ön mövqelərdə hərəkət edən kəşfiyyatçılar Suqovuşana doğru irəliləyərək əməliyyatın uğurla başa çatdırılmasında mühüm rol oynayıblar.
O, həmin döyüşlərdə gizir Şöhrət Həmidlinin və digər kəşfiyyatçıların xidmətini xüsusi qeyd edərək deyib ki, Suqovuşanın azad olunmasına doğru gedən yolda onlar ön sırada olublar.
Ziya Təhməzov Suqovuşanın üst tərəfində, Ağdərədən gələn yolda düşmənin zirehli texnikasının kəşfiyyat taboruna hücum etməyə cəhd göstərdiyini deyib. Bildirib ki, 4 PDM və 1 tank özü idarə olunan raketlərlə məhv edilib və bundan sonra Suqovuşanın azad olunması təmin olunub.
Beləliklə, Talış kəndi və onun ətrafındakı strateji yüksəkliklərin ardınca Suqovuşanın da azad edilməsi ilə Azərbaycan Ordusu şimal cəbhəsində mühüm üstünlük əldə etdi. Bu ərazilərin nəzarətə götürülməsi təminat yollarına çıxış, yüksəkliklərdən ətraf ərazilərə nəzarət və sonrakı əməliyyatların inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı.
Altı il əvvəl Suqovuşan və Talış uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun Vətən müharibəsindəki mühüm qələbələrindən biri kimi tarixə düşdü. Bu qələbə strateji yüksəkliklərin və mühüm mövqelərin nəzarətə götürülməsi ilə yanaşı, Azərbaycan əsgərinin döyüş əzmini və hərbi peşəkarlığını da bir daha nümayiş etdirdi.
Müxbir – Tahir Ağaməmmədov