Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO
Ağdərə, 3 oktyabr, AZƏRTAC
Suqovuşan... Yeni yaşayış kompleksinin həyətindən saz səsi gəlir. Sakinlərin bir qismi səslənən aşıq havasına qulaq asır, digərləri oturacaqda əyləşib söhbət edir. Bir qədər aralıda isə uşaqlar oynayır, ətrafı şən səslər bürüyüb...
Altı il əvvəl burada tamam başqa mənzərə vardı. Vaxtilə ağır döyüşlərin getdiyi Suqovuşanda indi həyat öz axarına düşüb.
AZƏRTAC-ın bölgə müxbirinin Ağdərə rayonunun Suqovuşan kəndindən hazırladığı reportajı təqdim edirik.
Suqovuşanda salınan yeni yaşayış kompleksində keçmiş məcburi köçkün ailələri məskunlaşıb. Burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Yaşayış binalarının əhatəsində istirahət üçün oturacaqlar və söhbətgahlar, uşaqlar üçün oyun meydançaları quraşdırılıb.
Axşam tərəfidir, həyətə düşən sakinlər bir-biri ilə söhbətləşir, uşaqlar müxtəlif oyunlar oynayır. Sakinlərdən biri sazı əlinə alaraq aşıq havası səsləndirir. Bir qədər sonra başqa sakinlə birlikdə sazın müşayiəti ilə oxuyur. Ətrafdakılar ifanı dinləyir, alqışlayırlar.
Bu mənzərə Suqovuşanda yaranan yeni həyatın gündəlik görüntülərindən biridir. Suqovuşan sakini Xətai Aslanov üçün isə bu mənzərələrin xüsusi mənası var. O, 2020-ci ildə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu gün həmin torpaqda yaşamaqdan qürur duyduğunu bildirən Xətai deyib ki, həyat əvvəlkindən tamamilə fərqlidir. Onun sözlərinə görə, burada yaşamaq, döyüşdüyü torpaqda uşaqların səsini eşitmək böyük qürur hissi yaradır.
Qəsəbədə yaradılan şəraitdən danışan sakin bildirib ki, dövlət tərəfindən işlə təmin olunub, yaşayış üçün bütün imkanlar yaradılıb. Onun üçün ən sevindirici məqamlardan biri isə vaxtilə uğrunda mübarizə apardıqları torpaqda bu gün uşaqların rahat və təhlükəsiz böyüməsidir.
Suqovuşanda məskunlaşan Radə Əhmədova isə 30 illik yurd həsrətindən danışıb. Doğma torpağa qayıtmağın sevincini bölüşüb: “Şəhidlərimizin, igid döyüşçülərimizin hesabına buradayıq, rahat nəfəs alırıq. Öz doğma yurdumdur, öz doğma vətənimdir”, - deyə Radə Əhmədova bildirib.
Sayad Əşrəfova da doğma torpaqda yaşamağın sevincini bölüşüb. O, burada uşaqların rahat və firavan həyat sürdüyünü, oğlunun işlə təmin olunduğunu deyib. Sakin yaradılan şəraitdən razılığını ifadə edərək şəhidlərə rəhmət diləyib, qazilərə minnətdarlığını çatdırıb.
Söhbət zamanı şəhidlərə həsr olunmuş şeirdən bu misraları da xatırlayıb:
“Güllələri mum eyləyən, canınıza qurban olum,
Vətən üçün qəltan olan, qanınıza qurban olum.”
Qırımxan Muradov isə doğma yurddan ayrı düşdükləri illərdə Bərdədə məskunlaşdıqlarını xatırladıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və xalqın birliyi sayəsində torpaqlar azad olunub.
“Burada yaxşı yaşayırıq, hər cür şərait var. İnşallah, bundan da yaxşı olar”, - deyə Qırımxan Muradov söyləyib.
Suqovuşanda dəyişən yalnız yaşayış məhəlləsi deyil. Kənddə sosial infrastruktur da yenilənib. Burada məktəb, tibb məntəqəsi və məscid yaradılıb. Kommunal xidmətlər bərpa olunub, sakinlər fasiləsiz elektrik enerjisi, içməli su, təbii qaz və yüksəksürətli internetlə təmin edilirlər. Kənddə market və bankomat da fəaliyyət göstərir.
Suqovuşanın təbii gözəlliyi isə buranı həm də istirahət və turizm məkanı kimi fərqləndirir.
Murovdağ silsiləsinin ətəyində, Tərtər çayın sahilində yerləşən Suqovuşan su anbarı əraziyə xüsusi gözəllik verir. Su anbarının ətrafında yaradılan istirahət parkı bu gün həm sakinlərin, həm də müxtəlif bölgələrdən gələn insanların üz tutduğu məkanlardan biridir. Sahilboyu gəzinti cığırları, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün oyun meydançaları və idman qurğuları buraya üz tutan hər kəs üçün müxtəlif istirahət imkanları yaradır. Parkda, həmçinin turist informasiya mərkəzi, kafe, estakada, avtodayanacaq yaradılıb.
Dağ havasının təravəti, su anbarının səssizliyi və ərazinin füsunkar mənzərələri bura gələn hər kəsə unudulmaz duyğular bəxş edir.
Bakıdan Suqovuşana gəzməyə gələn Rəfiqə Eyvazova buranın təbiətindən və yaradılan şəraitdən məmnunluğunu ifadə edib: “Çox gözəl yerlərdir. Allah Azərbaycan əsgərini qorusun. Ali Baş Komandanımıza, qazilərimizə cansağlığı versin, şəhidlərimizə Allah rəhmət eləsin! Bu günümüzə şükür ki, bizi bax, bu günə gətirdilər”, - deyə Rəfiqə Eyvazova bildirib.
Həyat yoldaşı Əli Eyvazov isə çoxdan Suqovuşana gəlmək arzusunun olduğunu deyərək buradakı mənzərələrdən böyük təəssürat aldığını söyləyib
“Buranın arzusu ilə gəlmişəm. Çox fəxr eləyirəm ki, mən Azərbaycan balasıyam. Xalqıma qurban olum! Qoy həmişə bax belə şad olsun, var olsun Azərbaycanımız. Çox məmnunam, o qədər xoşuma gəldi. Buradan da Xankəndiyə və digər yerlərə gedəcəyik”, - deyə Əli Eyvazov bildirib.
Beləcə, Suqovuşanda altı il əvvəlki döyüşlərin izlərini bu gün yeni həyatın izləri əvəzləyib. Vaxtilə silah səslərinin eşidildiyi bu torpaqlarda indi uşaqların gülüşü, sazın avazı duyulur. Suqovuşan altı il sonra öz yeni həyatını belə yaşayır.
Müxbir – Tahir Ağaməmmədov