Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO
Gəncə, 4 oktyabr, AZƏRTAC
Bəzi ünvanlar insan üçün sadəcə bir məkan deyil. Orada yaşananlar həmin yeri yaddaşın bir parçasına çevirir. Gəncədə də elə bir ünvan var ki, 2020-ci il oktyabrın 4-dən sonra bir ana üçün zamanın dayandığı yerə çevrilib. Vətən müharibəsinin ilk günlərində Gəncəyə endirilən raket zərbəsi nəticəsində həyatını itirən 20 yaşlı Tunar Əliyevin şəhid olduğu məkan bu gün də onun anası Validə Əliyevanın yaddaşında həmin günün ağrısı ilə yaşayır.
AZƏRTAC xəbər verir ki, altı il əvvəl burada bir gəncin həyatı yarımçıq qaldı. Onun ailəsi üçün isə həmin andan etibarən başqa bir həyat başladı, Tunarın yoxluğu ilə yaşamaq, onun xatirəsini qorumaq və hər il oktyabrın 4-də həmin günə qayıtmaq...
Validə ana oğlunun sonuncu dəfə evdən çıxmasını xatırlayanda illər əvvəl baş verənləri sanki yenidən yaşayır. Tunar həmin gün evdən çıxarkən anası onun bir neçə saat sonra şəhid xəbəri ilə üzləşəcəyini düşünə bilməzdi.
“Həmin gün Tunar öz maşını ilə əsgərlərə dəstək olmağa, gücü çatan yardımı etməyə gedəcəkdi. O ərəfələrdə söz-söhbətlər eşidirdik ki, düşmən Gəncəni hədəf almaq istəyir. Sübh tezdən oyandı, hazırlaşıb evdən çıxdı. Heç səhər yeməyini belə yemədi, sanki tələsirdi. Bir müddət sonra dəhşətli partlayış səsi eşitdik. O an özümdən asılı olmadan qışqırdım ki, “Tunar şəhid oldu” partlayış evimizə çox yaxın məsafdə olmuşdu. Həmin istiqamətə getmək istəyəndə qonşular mənə icazə vermədilər, dedilər heç kəsə zərər dəyməyib. Evə gələndə gördüm ki, hər kəs bizim məhləyə toplaşıb. Ancaq mən saatlar sonra bildim ki, Tunar şəhid olub”, – deyə Validə ana o günü həyəcanla xatırlayır.
Gəncə həmin gün müharibənin ən ağır üzünü gördü. Cenevrə Konvensiyasının tələbləri pozulmaqla, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə raket atəşinə tutuldu. Sakinlər üçün adi bir gün bir neçə dəqiqənin içində həyat mübarizəsinə çevrildi. Bir nəfər öldü, otuz iki nəfər mülki şəxs yaralandı. Şəhərin mülki infrastrukturuna və yaşayış evlərinə ciddi ziyan dəydi.
Ana üçün oğlunun yoxluğu heç vaxt dolmayacaq bir boşluqdur. Amma onun ən böyük təsəllisi Tunarın canından keçdiyi Vətənin bu gün bütöv və suveren olmasıdır. Tunarın adı isə artıq yalnız bir ailənin xatirəsində deyil. O, Gəncənin 2020-ci ilin oktyabrında yaşadığı faciənin yaddaşına həkk olunmuş adlardan biridir.
Validə Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını şəhid analarının ən böyük qürur mənbələrindən biri kimi dəyərləndirir. O, şəhid ailələrinə göstərilən diqqətə görə dövlət başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirir.
Xatırladaq ki, Vətən müharibəsinin davam etdiyi 44 gündə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Bu amansız terror aktları nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla 175 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müxbir - Elcan Məmmədov