Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO
Astana, 4 oktyabr, AZƏRTAC
Azərbaycanla Qazaxıstanı tarixi, mədəni və iqtisadi əlaqələr, strateji tərəfdaşlıq və ortaq türk irsi birləşdirir.
AZƏRTAC-ın müxbiri Astanada şəhər sakinləri arasında sorğu keçirərək onların Azərbaycan haqqında nə bildiklərini və ölkəmizin, ilk növbədə, onlarda hansı təəssüratlar yaratdığını öyrənib.
Sorğunun bir çox iştirakçısı üçün Azərbaycan, ilk növbədə, iki xalqın yaxınlığı və ölkələr arasındakı qardaşlıq münasibətləri ilə xarakterizə olunur.
“Azərbaycan keçmiş ittifaq respublikasıdır, paytaxtı Bakıdır. Şəhər Xəzər dənizinin sahilində yerləşir. Ölkənin təbiəti çox zəngindir. Bildiyimə görə, Azərbaycanı Qazaxıstanla dostluq münasibətləri, Türkiyə ilə isə sıx əlaqələr bağlayır. Azərbaycan bizə qardaş olan türkdilli ölkədir, biz onu ürəkdən sevirik. Yeri gəlmişkən, uşaqlıqda mənimlə eyni sinifdə azərbaycanlı qız Nuranə Əliyeva oxuyurdu. Bütün Azərbaycan xalqına böyük salamlarımı çatdırıram” - deyə Astana sakini Oljas Juzbayev bildirib.

Digər şəhər sakinlərinin cavablarında qonaqpərvərlik, milli mətbəx və Azərbaycana səfər etmək arzusu tez-tez səslənib.
“Gözəl ölkədir. Orada gözəl insanlar, xoş mentalitet və çox dadlı mətbəx var. Düzünü desəm, oraya getməyi və hər şeyi öz gözlərimlə görməyi çox istərdim”, - deyə Rayımbek Autalipov söyləyib.

Azərbaycanın turizm potensialı və milli mətbəxi Qazaxıstan paytaxtının sakinlərində də maraq doğurur.
Yasmina Levadnaya məhz bu barədə danışaraq deyib: “Bilirəm ki, bu ölkə turistlər arasında çox populyardır. Bir gün oraya getməyi çox istərdim, çünki gözəl və maraqlı yerləri haqqında çox eşitmişəm. Həmçinin Azərbaycan paxlavasının dadına baxmışam, çox xoşuma gəlib. Hətta onu qutularla alırdıq”.

Yaşlı nəslin nümayəndələri isə daha çox iki ölkə arasındakı uzunmüddətli əlaqələri xatırlayır və müasir Azərbaycanın inkişafını qeyd edirlər.

“Azərbaycanı hələ sovet dövründən tanıyıram, gözəl ölkədir. Prezident İlham Əliyev fəal işləyir. Televiziyaya baxırsan, xəbərləri oxuyursan. O, daim regionlara səfər edir, görüşlər keçirir. Görünür ki, Bakı çox gözəl və çiçəklənən şəhərdir. Qazaxıstanda böyük Azərbaycan diasporu yaşayır, Azərbaycandan çoxlu turist gəlir. Onlar həmişə mehriban, xoşniyyətli insanlardır, görəndə mütləq salamlaşırlar”, - deyə Astana sakini Murat Tanatarov qeyd edib.
Bəzi respondentlər üçün isə Azərbaycan şəxsi xatirələrlə yadda qalıb.

“Mən Sumqayıtda hərbi xidmət keçmişəm, sürücü olmuşam. Məhz orada ilk dəfə rolik və breyk-dans görmüşdüm: gənclər meydanda toplaşır, sürür, rəqs edirdilər. Elə orada nərd oynamağı da öyrəndim. Xatırlayıram, toydan bir həftə əvvəl insanlar bir yerə yığışır, musiqi səslənir, nərd oynayırdılar. Bizim gizirimizin adı Etibar idi. Orada çox tanışım var idi. Hamıya böyük salamlarımı çatdırıram!” - deyə astanalı Amantay Dosanov bildirib.
Sorğu göstərir ki, Astana sakinləri üçün Azərbaycan Bakı və Xəzər, milli mətbəx, qonaqpərvərlik, qardaşlıq münasibətləri və insanlar arasındakı şəxsi əlaqələrlə xarakterizə olunur.