Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan şəhərinin bir sıra küçə və məhəllələrində yol infrastrukturunun yenilənməsi istiqamətində işlər həyata keçirilir. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə 58-ci məhəllədə əsaslı təmir işlərinə başlanılıb.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda ilkin mərhələyə uyğun olaraq yararsız qruntun qazılaraq çıxarılması, yol yatağının genişləndirilməsi və yol əsasının möhkəmləndirilməsi işləri həyata keçirilir.
Layihənin növbəti mərhələsində isə yolun asfalt-beton örtüyü ilə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, uzunluğu 17,5 kilometr olan layihə Naxçıvan şəhərinin Səməd Vurğun, Nəcməddin Naxçıvani, Məmməd Hüseyn Şəhriyar–Həsən Rəhmanov küçələrini, həmçinin 58–61-ci məhəllələri əhatə edir.
Müxbir- Nail Əsgərov