Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabr ayında Ermənistanda Birləşmiş Millətlər Təşkilatının Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası keçiriləcək. Bioloji Müxtəliflik üzrə Konvensiyanın Katibliyinin diqqətini bu məsələyə cəlb etmək məqsədilə bəyanatımızda müvafiq məqamları xüsusi vurğulamışıq.
AZƏRTAC xəbər verir ki, bunu “Environmental Protection First” QHT Koalisiyasının üzvü Amin Məmmədov
Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi və digər fəaliyyətlərin Qafqaz regionunun ətraf mühitinə təsirlərinə həsr olunmuş brifinqdə söyləyib.
O bildirib ki, Ermənistan-Azərbaycan şərti sərhədinə yaxın bir çox ərazilərdə mədən sənayesi fəaliyyəti hələ də davam etdirilir. Ermənistan tərəfi olduğu Espo Konvensiyasına – Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında Konvensiyaya əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Ermənistanla həmsərhəd olan digər ölkələrin həm ictimaiyyətlərinə, həm də hökumətlərinə bu fəaliyyətlərin ətraf mühitə mümkün təsirləri barədə müvafiq məlumat və hesabatları təqdim etməlidir. Lakin indiyədək Ermənistan hökuməti tərəfindən bu fəaliyyətlərin ətraf mühitə təsiri ilə bağlı hər hansı hesabat təqdim edilməyib.