Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
İşğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında Ermənistan tərəfindən qanunsuz istismar aparılıb. O cümlədən Azərbaycanın yeraltı su ehtiyatlarından da qanunsuz şəkildə istifadə edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi və digər fəaliyyətlərin Qafqaz regionunun ətraf mühitinə təsirlərinə həsr olunmuş brifinqdə söyləyib.
O bildirib ki, qlobal şirkət olan, “Franck Muller” saatlarının istehsalçısı kimi tanınan “Vallex Group”un törəmə şirkəti “Base Metals” Qarabağda Qızılbulaq mis-qızıl yatağını qanunsuz şəkildə istismar edib. Bundan sonra Ağdərədəki digər yataqlarda da intensiv mədənçilik fəaliyyəti həyata keçirilib. O cümlədən Zəngilandakı Vejnəli yatağı da istismar edilib. Çardaqlı və Ağdərədəki kömür mədənlərindən çıxarılan kömür İrəvanda elektrik stansiyasının fəaliyyətinin təmin edilməsi məqsədilə Ermənistana daşınıb. Həmin daşımaları asanlaşdırmaq üçün Ağdərə-Vardenis yolu inşa edilmişdi.
Deputatın sözlərinə görə, 2009-2017-ci illərdə qanunsuz metal hasilatından İsveçrədə qeydiyyatdan keçmiş “Vallex Group” və “Base Metals” şirkətləri 177 milyon ABŞ dolları məbləğində mənfəət əldə ediblər. Təbii ki, bundan Ermənistan hökumətinə də müəyyən pay çatıb və bu biznesmenlər qanunsuz işğalın maliyyələşdirilməsində iştirak ediblər.
"2014-cü ildə “Vallex Group”un rəhbəri Vartan Sirmakes Ermənistan hökuməti ilə anlaşma memorandumu imzalayıb. Həmin memorandum əsasında Ermənistan ərazisində qızıləritmə zavodunun tikintisi nəzərdə tutulurdu.
Həmin dövrdə İsveçrə Ermənistandan ən çox məhsul idxal edən ikinci ölkə idi. Bu baxımdan baş verənlər İsveçrənin neytrallığı və beynəlxalq imici ilə bağlı suallar da yaradır.
Vartan Sirmakes Qarabağda qanunsuz mədən fəaliyyəti ilə məşğul olan çoxsaylı biznesmenlərdən yalnız biri idi. Ermənistan rəsmiləri Qarabağa mütəmadi səfərlər edir, burada müxtəlif tapşırıqlar verirdilər.
Burada əsas məqsəd yalnız hərbi nəzarəti təmin etmək deyildi. Əsas məqsəd ərazinin daxili infrastrukturunu və memarlıq simasını dəyişdirmək, Qarabağı Ermənistanın iqtisadi və infrastruktur sisteminə mümkün qədər sıx bağlamaq və sonradan bu əlaqələrin bərpasını çətinləşdirmək idi.
Ermənistandan qondarma rejimə maliyyə axınları mövcud idi, Qarabağın təbii sərvətləri və daşları isə Ermənistana daşınırdı. Yəni hüquqi cəhətdən tanınmayan bir ərazidə təbii sərvətlərin istismarı və onların başqa əraziyə çıxarılması həyata keçirilirdi", - deyə P.Vəliyeva əlavə edib.