“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO
Astana, 6 oktyabr, AZƏRTAC
Astanada yerləşən Qazaxıstan Respublikası Milli Muzeyində “Qızıl adam”ı görmək, qədim türklərin irsi və qazax xalqının məişəti ilə tanış olmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, muzeyin əsas rəmzlərindən biri İssık kurqanından tapılan “Qızıl adam”ın rekonstruksiyasıdır. Burada qədim köçərilərin qızıl bəzək əşyaları, silahlar və yəhər-qoşqu dəstləri nümayiş olunur.

Bələdçi Nurasıl Smaqulov bildirir ki, muzey 2014-cü ildə açılıb. Onun ümumi sahəsi 74 min kvadratmetrdir. Kompleksdə daimi və müvəqqəti sərgilər üçün iyirmi zal var.
“Milli Muzeyi ziyarət etmək istəyirsinizsə, həm Qazaxıstanın tarixi, həm də qədim arxeoloji eksponatları ilə tanış ola bilərsiniz”, - deyə bələdçi qeyd edib.

Ayrıca bir zal türk irsinə həsr olunub.



Xəritələr ziyarətçiləri xaqanlıqların və tayfaların əraziləri ilə tanış edir. Daş heykəllər, Türk xaqanlığı və qədim türk yazısı haqqında materiallar qədim türklərin tarixindən və mədəniyyətindən bəhs edir. Kül Tiginə, Bilgə xaqana və Tonyukuka həsr olunmuş Orxon kitabələri ilə bağlı materiallar xüsusi yer tutur.
“Artefaktlar arasında eramızın VI əsrindən XI–XII əsrlərinədək olan dövrə aid yəhər-qoşqu dəstinin müxtəlif elementləri var”, - deyə Nurasıl Smaqulov bildirib.
Arxeoloji tapıntılar daş dövründən son orta əsrlərədək insanların həyatı ilə tanış edir.
Onların arasında Böyük İpək Yolu üzərində yerləşən şəhərlərdə aşkar edilmiş keramika, silahlar və digər əşyalar var.

Ənənəvi mədəniyyət zallarında bəzək əşyaları, kişi və qadın geyimləri, toy libasları, xalçalar və keçə məmulatları nümayiş olunur. Məişət əşyaları qazax xalqının gündəlik həyatı haqqında təsəvvürü tamamlayır.


Digər ekspozisiyalar Qazaxıstanın tarixinə və incəsənətinə həsr olunub. Burada tarixi sənədlər, fotoşəkillər, rəsm əsərləri və heykəllər toplanıb.
Qeyd edək ki, muzeyə səfər “AI & Digital Bridge 2026” Forumunun proqramı çərçivəsində xarici media nümayəndələri üçün Astanaya təşkil olunan press-tur zamanı baş tutub.