ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) üçün bu müzakirə xüsusilə əhəmiyyətlidir. Bu il Komissiyanın yaradılmasının 30 ili tamam olur. Üç onillikdən çoxdur ki, biz cəmiyyətin üzləşə biləcəyi ən çətin suallardan birinə — itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək məqsədilə hökumətlər və ailələrlə əməkdaşlıq edirik. 30 il əvvəl, keçmiş Yuqoslaviyada baş vermiş müharibələrə cavab olaraq ICMP yaradıldıqda qarşıya qoyulan vəzifənin miqyası misilsiz idi: 40 min insan itkin düşmüşdü. Şəxslərin müəyyənləşdirilməsi ilə bağlı ənənəvi yanaşmalar sadəcə kifayət etmirdi. Buna görə də öyrənməli olduq. Öyrəndik ki, itkin düşmüş şəxslərin axtarışı yalnız bir vəzifə deyil, bütöv bir sistemdir. Bu sistem aydın səlahiyyətlərə malik institutların, qanunvericiliyin, araşdırma, axtarış və məhkəmə-tibbi ekspertiza imkanlarının olmasını, ailələrin prosesdə fəal iştirakını, etibarlı məlumatları, qurumlar və çox vaxt sərhədlər arasında əməkdaşlığı tələb edir. Eyni zamanda, bütün bu elementləri bir araya gətirmək üçün institusional imkanlar olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
K.Bomberqerin sözlərinə görə, ən mühüm nailiyyətlərdən biri çox sayda itkin şəxsin müəyyənləşdirilməsi üçün DNT-dən istifadə edilməsi idi. Qərbi Balkanların təcrübəsi göstərdi ki, ailələrdən götürülmüş DNT nümunələrindən və insan qalıqlarından əldə edilən DNT-dən istifadə etməklə böyük miqyasda şəxsiyyətlərin müəyyənləşdirilməsi mümkündür və bu, mühüm dönüş nöqtəsi oldu. Bu gün keçmiş Yuqoslaviya ərazisində baş vermiş münaqişələr zamanı itkin düşmüş 40 min şəxsin 75 faizindən çoxunun taleyi müəyyənləşdirilib.
O bildirib ki, əsas nəticə yalnız DNT-nin işləməsi deyildi. Daha dərin nəticə ondan ibarətdir ki, elm sistemin bir hissəsi olduqda səmərəli nəticə verir. DNT şəxsiyyəti müəyyənləşdirə bilər, lakin özü-özlüyündə həmin şəxsin başına nə gəldiyini izah etmir. Bunun üçün düzgün şəkildə toplanmış, sənədləşdirilmiş, təhlükəsiz idarə olunan və müvafiq səlahiyyətə və müstəqilliyə malik qurumlar vasitəsilə bir araya gətirilən istintaq və məhkəmə-tibbi sübutlar tələb olunur.
“Ailələr sadəcə cavab gözləmirlər, onlar bu prosesin tərəfdaşıdırlar. Bu gün burada çoxsaylı azərbaycanlı ailələri görməkdən məmnunam. Onlar məlumat, sənədlər və DNT nümunələri təqdim edir, qurumlar dəyişdikdə və illər keçdikdə belə axtarışların davam etdirilməsinə töhfə verirlər. Çox vaxt qadınlar – analar, həyat yoldaşları, qızlar və bacılar öz ailələri və icmaları qarşısında bu məsuliyyətin böyük hissəsini daşıyırlar. Onların səsləri və hüquqları da bu sistemin ayrılmaz hissəsi olmalıdır.
Biz, həmçinin öyrənmişik ki, hər hansı bir ölkədə mövcud olan vahid institusional model başqa ölkəyə olduğu kimi köçürülə bilməz. Şərait, qanunlar, institutlar, eləcə də itkin düşmələrin xarakteri və miqyası fərqlidir. Lakin əsas prinsiplər universaldır: dövlət məsuliyyəti, ailələrin iştirakı, müstəqil elmi yanaşma, araşdırma, etibarlı məlumatlar, əməkdaşlıq və hüququn aliliyi.
Məhz buna görə bu müzakirələr əhəmiyyətlidir. Problem yalnız keçmişdə baş vermiş münaqişələrlə məhdudlaşmır. İnsanlar silahlı münaqişələr, təbii fəlakətlər, miqrasiya böhranları və digər hallarda da itkin düşürlər. Belə vəziyyətlərin miqyası və mürəkkəbliyi ayrı-ayrı qurumların, hətta ayrı-ayrı dövlətlərin imkanlarını belə aşa bilər".