Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın dağ-mədən sənayesinin əsas potensialının formalaşdığı ərazilərdir.
İqtisadçı-ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında bildirib ki, bu ərazilərin uzun müddət erməni işğalı altında qalması Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə, eyni zamanda, həmin resurslardan uzun müddət istifadə edilməsinin mümkünsüzlüyünə səbəb olub.
“Bu sahədə araşdırmalar aparmaq mümkün olmayıb, çünki ərazilər işğal altında olub. Həmçinin bu resursların iqtisadiyyata, iqtisadi dövriyyəyə cəlb edilməsi də mümkün olmayıb. Hazırda bu istiqamətdə qəbul edilən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” dağ-mədən və metallurgiya sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramı çərçivəsində yaxın 3 ildə bu sahəyə 5,3 milyard manat vəsait yatırılacaq. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, qalan hissəsinin isə dövlət müəssisələri və özəl sektordan cəlb ediləcək kredit və borc vəsaitləri hesabına formalaşacaq.
Dövlət 3 il ərzində təqribən 15-20 min kvadratkilometrlik ərazidə axtarış, tədqiqat və istismar işləri həyata keçirəcək. Həmçinin yeni müəssisələr qurulacaq, minlərlə davamlı, dayanıqlı və yüksəkgəlirli iş yerləri açılacaq”, - deyə X.Kərimli vurğulayıb.
Ekspert qeyd edib ki, Dövlət Proqramı uğurla həyata keçirilməsi nəticəsində bu istiqamətdə ixracın 2,6 dəfə artacağı gözlənilir: “Bu, qeyri-neft ixracının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla həm də ölkəyə alternativ valyuta daxilolması kanalı genişlənəcək. Hazırda bu istiqamətdə ixrac əsasən bir neçə qızıl və alüminium müəssisəsinin fəaliyyəti hesabına formalaşır. Lakin həm qızıl, həm də qeyri-qızıl, o cümlədən mis və gümüş yataqlarının istismara verilməsi dövlətin qeyri-neft ixracı sahəsində imkanlarını genişləndirəcək”.
X.Kərimli bildirib ki, yeni müəssisələrin yaradılması davamlı iş yerlərinin təmin olunmasına, büdcəyə vergi ödənişlərinin artmasına və əhalinin rifahının yaxşılaşmasına da müsbət töhfə verəcək.