Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO
Şəki, 7 oktyabr, AZƏRTAC
Bir neçə gün əvvəl yağan güclü leysan yağışları nəticəsində Şəkinin Qudula kəndi ərazisindən keçən çaylarda suyun səviyyəsi bir neçə dəfə artıb. Nəticədə Qudula kəndində həyətləri, eləcə də evləri su basıb, sakinlərə maddi ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Əyriçay vadisində yerləşən bu yaşayış məntəqəsinin ərazisindən bir neçə iri dağ çayı keçir ki, bu da yaşayış məntəqəsində problemlərə səbəb olur.
Qudula kənd icra nümayəndəliyinin əməkdaşı Ramin Həsrətov bildirib ki, Əyriçay vadisindəki yaşayış məntəqəsi dağ çaylarının kəsişməsində yerləşdiyi üçün yaz və payız aylarında sel daşqınlarına məruz qalır. Rayon ərazisindən axan Şin, Kiş, Zəizid çaylarında və Əyriçayda lil qatının çoxalması suyun kənd ərazisinə daxil olarkən sürətini azaldır və yaşayış məntəqəsinə yönəlməsinə səbəb olur. Sel suları, həmçinin kəndin hər iki çıxış yolunda hərəkəti çətinləşdirib. Minik avtomobillərinin işləmədiyi yollarda sakinlərə kömək məqsədilə gövdəli nəqliyyat vasitələrindən və qoşqulu traktorlardan istifadə olunub. Hazırda suyun çəkilməsi müşahidə edilir və vəziyyəti nəzarətdə saxlamaq üçün zəruri qabaqlayıcı tədbirlər görülür.
Sel sularının kənd ərazisinə düşməsi ilə bağlı Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, bu yaşayış məntəqəsi bir neçə iri dağ çayının mənbəyində yerləşir. Bu baxımdan, çaylara su gələndə hamısı cəm olaraq lil qatını daha da artırır və nəticədə bu kimi problemlər, fəsadlar yaranır. Problemdən çıxış yolu olaraq, ilk növbədə, evləri sel təhlükəsi altında qalan sakinlərə ya kompensasiya verilməsi, ya da onların digər yaşayış məntəqələrində yerləşdirilməsi nəzərdə tutulur.
Kənd sakinləri Əbülfəz Muradov və Gülbəniz Muradova artıq 3 ilə yaxındır ki, bu problemlə qarşı-qarşıya qaldıqlarını, hər dəfə sel-daşqınları əmələ gələndə evlərini su basdığını və bu səbəbdən kəndin daha təhlükəsiz yerlərindəki qohumlarının evinə sığındıqlarını bildirirlər. Sakinlər müvafiq orqanlardan məsələyə tezliklə müdaxilə edilməsini və onların qarşılaşdığı problemin həlli istiqamətində iş aparılmasını xahiş edirlər.
Qeyd edək ki, son 3 il ərzində kəndə sel sularının düşməsi aktivləşib. Mütəxəssislər bunu çaylarda lillənmənin çoxalması və kəndətrafı çay axarlarının zəifləməsi ilə əlaqələndirirlər. Hazırda aidiyyəti qurumlar tərəfindən Əyriçay çayına yaxın olan sakinlərin təhlükəsiz ərazilərə köçürülməsi istiqamətində iş aparılır.