Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Tokiəxıl şəlaləsi
Lerikin dağları arasında elə məkanlar var ki, oraya gedən yolun özü səyahətin bir hissəsinə çevrilir. Tokiəxıl şəlaləsi də məhz belə ünvanlardandır. Şəhərin səs-küyündən uzaqlaşmaq, dağ havası udmaq və təbiətin qoynunda fərqli gün keçirmək istəyənlər üçün bu məkan maraqlı seçimdir.
Bakıdan təxminən 215 kilometr məsafədə yerləşən Tokiəxıla gedən yol Lerikin Vizəzəmin kəndindən keçir. Buradan sonra dağ cığırları başlayır. Avtomobillə müəyyən məsafə qət etdikdən sonra şəlaləyə yalnız piyada yolla davam etmək mümkündür.

Cığır boyunca çayın səsi səyahətə xüsusi ahəng qatır. Bir tərəfdə qayalı dağlar, digər tərəfdə şırıltı ilə axan çay, ətrafda isə sıx yaşıllıq... Kanyonlardan keçən bu marşrut həm yürüş, həm də gözəl mənzərə həvəskarları üçün əsl təbiət gəzintisidir.

Bir qədər irəlilədikdən sonra uzaqdan şəlalənin səsi eşidilir. Dağların sakitliyi və suyun gurultusu burada insana gündəlik həyatın ritmindən bir anlıq uzaqlaşmaq imkanı verir.
Tokiəxılın adı da bu məkanın sirli ab-havasına uyğundur. “Qaranlıq göl” mənasını ifadə edən bu ad şəlalənin təbii hovuzuna və ətrafdakı qayalı mənzərəyə xüsusi rəng qatır.
Müxbir - Rəşad Türkoğlu