Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi olan Qarabağ bir zamanlar işğal altında olub və dağıdılıb. Bu gün isə Qarabağ azadlığın nemətindən bəhrələnir. Azərbaycan hökumətinin səyləri nəticəsində hazırda Qarabağda infrastrukturun bərpası, zəruri xidmət və obyektlərin, eləcə də sakinlərin rifahının təmin olunması məqsədilə genişmiqyaslı yenidənqurma, dirçəliş və inkişaf işləri həyata keçirilir. Məcburi köçkünlər öz evlərinə qayıdır, icmalar yenidən qurulur və region yeni bir mərhələyə – sülh, sabitlik və inkişafa doğru irəliləyir. Bunlar mühüm inkişaflardır. Lakin sülh müharibənin insanlara vurduğu nəticələri aradan qaldırmır.
AZƏRTAC xəbər verir ki, bunu Malayziyanın Beynəlxalq İslam Universitetinin professoru Mohammad Naqib Eishan Jan Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən deyib.
"Müharibələr harada baş verməsindən asılı olmayaraq, özündən sonra dərin yaralar qoyur. Qarabağ müharibəsi də istisna deyil. Həmin münaqişələrin ən ağrılı miraslarından biri taleyi naməlum olaraq qalan minlərlə insanın vəziyyətidir. Dörd mindən çox azərbaycanlı barədə bu günədək məlumat yoxdur. Hər bir itkin şəxsin arxasında bir ailə dayanır: Hələ də gözləyən ana, cavab almaq istəyən ata və valideyninin başına nə gəldiyini bilmədən böyüyən uşaq. Məhz buna görə itkin şəxslər məsələsinə, sadəcə, statistika kimi yanaşmaq olmaz. Bu, insan ləyaqəti, ədalət və hüquq məsələsidir", - deyə malayziyalı professor bildirib.