Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Bakının artıq konfranslarımızın keçirildiyi şəhərlər siyahısına daxil edilməsinə çox sevinirik. Bu möhtəşəm konfransda iştirak etmək bizim üçün çox vacibdir. Dünyanın müxtəlif ölkələrindən və fərqli hüquq sistemlərindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək üçün bu cür tədbirlərin keçirilməsi hər zaman böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) vitse-prezidenti Federiko Kamurati deyib.
"Bakının həm geosiyasi, həm də tarixi baxımdan dünya üçün əhəmiyyətini nəzərə alsaq, bu cür tədbirin məhz burada keçirilməsi xüsusi önəm kəsb edir. Bizim burada çatdırmaq istədiyimiz əsas mesaj körpülər qurmağın vacibliyidir. Xüsusilə də milli maraqların üstünlük təşkil etdiyi indiki tarixi məqamda bu, daha böyük əhəmiyyət daşıyır. Belə tədbirlər və təşəbbüslər əməkdaşlığın, qanunun aliliyinin, beynəlxalq hüququn və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən hüquqşünaslar arasında qarşılıqlı əlaqələrin inkişafına xidmət edir", - deyə o qeyd edib.