Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO
Xocalı, 9 oktyabr, AZƏRTAC
Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir.
Bunu Xocalıda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Soyqırımı Memorialı ilə tanış olan Bosniya və Herseqovinanın İtkin Şəxslər İnstitutunun nümayəndəsi Emsa Fazliç bildirib.
O deyib: "Azərbaycan xalqının acısını həqiqətən hiss edirik. Biz Bosniya və Herseqovinada eyni təcrübəni yaşamışıq. Bosniya və Herseqovinada 34 min nəfər itkin düşüb və indiyədək onların böyük əksəriyyətini tapmışıq, 80 faizinin meyitlərinin qalıqlarını eksqumasiya edib, kimliyini müəyyənləşdirmişik və ailələrinə təhvil vermişik. Halbuki 7500-dən çox itkin şəxsin taleyi hələ də məlum deyil. Biz də soyqırımına məruz qalmışıq, 8000-dən çox kişi və uşaq öldürülüb, 18 yaşdan kiçik 500-dən çox həddi-büluğa çatmayan şəxs qəddarcasına qətlə yetirilib. Xocalıdakı kimi, qaçmağa çalışarkən onlar bombalanıb və qəddarcasına öldürülüblər. Biz sizin acınızı, həqiqətən, hiss edirik və ümid edirik ki, bu dəhşətlərə bütün dünyada son qoyulacaq. Təəssüf ki, itkin düşmüş insanların sayının artmasının, müharibələrin daha da böyüməsinin şahidi oluruq və bunun baş verməsinə görə çox təəssüflənirik. Ümid edirik ki, buna son qoyulacaq və ölkənizdəki hər bir itkin düşmüş şəxs tapılar və hər bir ailə, nəhayət rahatlıq tapar".
Qeyd edək ki, “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları bu gün Xocalı Soyqırımı Memorialı ilə tanış olublar.
Müxbir - Tahir Ağaməmmədov