Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Hər kəs mənə doğma münasibət hiss etdirdi. Bunu gördüm və yaşadım.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanan Kənan Nəsibov (+100 kiloqram) deyib.
İdmançı bildirib ki, üçüncü yer uğrunda görüşə tam hazır olmayıb: “Üçüncü yer uğrunda mübarizə aparacağımı düşünmürdüm. Açığını deyim ki, bürünc medal uğrunda görüşə hazır deyildim. Belimdə və dizimdə zədə var. Buna baxmayaraq, azarkeşlərin dəstəyi və səsləri mənə əlavə motivasiya verdi və medal qazanmağıma kömək etdi. Yarışda ilk görüşdə Almaniya idmançısını məğlub etdim. İkinci görüşdə isə Ukrayna idmançısına iki dəfə uduzdum. Buna baxmayaraq, özümə söz vermişdim ki, finala yüksəlməliyəm. Məşqçilərimə də söz vermişdim ki, finala çıxaraq özümü sübut edəcəyəm. Düzdür, buna nail ola bilmədim, amma şükürlər olsun ki, medal qazandım”.
O, hədəfləri barədə də danışıb: “Ümid edirəm ki, səhvlərimi düzəldərək 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Olimpiya Oyunlarında Azərbaycan xalqına özümü sübut edəcək və ölkəmə medal gətirəcəyəm”.