FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO
Bakı, 11 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə Salyan şəhərində yerləşən, hazırda fəaliyyət göstərməyən istehsalat müəssisəsinin ərazisində “Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, təlimə nazirliyin Muğan Regional Mərkəzinin və TƏBİB-in tabeliyindəki Salyan rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində məqsəd xilasedicilərin bu tipli müəssisələrin ərazisində mümkün fövqəladə hallar zamanı axtarış-xilasetmə bacarıqlarının daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti fövqəladə hadisə nəticəsində obyektin ərazisində “köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər” xüsusi vasitələrlə “xilas edilərək” onlara “ilkin yardım” göstərilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.