Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO
Kocaeli, 11 oktyabr, AZƏRTAC
Türkiyənin Kocaeli şəhərində “Ortaq miras, tək ürək” şüarı ilə təşkil olunan Türk dünyası gənclərinin görüşü başa çatıb.
AZƏRTAC xəbər verir ki, ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin koordinasiyası və Kocaeli Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə keçirilən tədbirdə Türk dünyasının müxtəlif bölgələrindən alimlər, səfirlər, media nümayəndələri və 400-dən çox universitet tələbəsi iştirak edib.
Görüşün əsas məqsədi ortaq tarix, dil, mədəniyyət və sivilizasiya irsinin qorunması, türk dövlətləri və qohum xalqlar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də gənclərin ortaq gələcəyin formalaşdırılmasında rolunun artırılması olub.
Mərasimə videomesaj göndərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyinə vurğu edərək deyib: “Bizim birliyimiz xəritələrin cızdığı sərhədlərdən qat-qat genişdir. Bizim yol yoldaşlığımız dərin köklərə malik tarix, zəngin mədəniyyət və möhkəm mənəvi bağlar üzərində qurulub.
Anadolu övladları ilə Türk dünyasının müxtəlif bölgələrindən gələn gənc qardaşlarımızın bir araya gəlməsini məhz bu baxımdan çox vacib hesab edirəm. Enerjinizi ortaq ideallar və firavan gələcək naminə birləşdirən siz gənclərə hərtərəfli dəstək verməkdə davam edəcəyik.
Türkiyə olaraq “Dildə, fikirdə, işdə birlik” məfkurəmizi, inşallah, bu ayın sonunda Ankarada keçirəcəyimiz Türk Dövlətləri Təşkilatının XIII Zirvə görüşü ilə daha da irəli aparmağı hədəfləyirik”.
Tədbir çərçivəsində İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideyasına əsaslanan müzakirələr nəticəsində 11 maddədən ibarət yekun bəyannamə qəbul edilib.
Bəyannamədə Orhun Mübadilə Proqramının inkişaf etdirilməsi, Türk Universitetləri Birliyinin fəaliyyətinin təkmilləşdirilməsi, universitet və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakının genişləndirilməsi, elm, süni intellekt və innovasiya sahələrində “Rəqəmsal İpək Yolu” əməkdaşlığının və gənc sahibkarlıq şəbəkələrinin inkişafı nəzərdə tutulur.
Sənəddə, həmçinin mədəni irsin rəqəmsal platformalarda təbliği, gənc diplomat proqramlarının genişləndirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, ortaq musiqi və incəsənət layihələrinin həyata keçirilməsi, sosial məsuliyyət təşəbbüslərinin və gənclər düşərgələrinin inkişaf etdirilməsi kimi məsələlər əksini tapıb.
Bəyannamədə növbəti Türk dünyası gənclərinin görüşünün 2027-ci ildə Türkiyənin Kayseri şəhərində keçirilməsi də qərara alınıb. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşlığına malik və ya türk əsilli futbolçuların qarşılıqlılıq prinsipi əsasında milli liqalarda yerli oyunçu statusunda çıxış etməsinə dair hüquqi və praktiki işlərin başlanması təklif olunub.
Yekun bəyannamənin əsas məqsədi Türk dünyası gəncləri arasında həmrəyliyi möhkəmləndirmək, ortaq təşəbbüsləri təşviq etmək və təhsil, elm, texnologiya, diplomatiya, mədəniyyət və idman sahələrində davamlı əməkdaşlığa töhfə verməkdir.
Mərasim “Türk dünyası gəncləri ilə baş-başa” mövzusunda panel iclasla davam etdirilib.
Paneldə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu tələbələrin suallarını cavablandırıb.
Sonda professor Kürşad Zorlu iştirakçılara sertifikat təqdim edib.