“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq VİDEO
Kəlbəcər, 12 oktyabr, AZƏRTAC
Kəlbəcərə köç edən sakinlərdən biri də Cavid Orucovdur. 36 yaşlı Cavid həyat yoldaşı və 4 övladı ilə Kəlbəcər şəhərində yaşayır. Ailə yeni inşa edilmiş binalardan birində dördotaqlı mənzillə təmin olunub.
Cavid Orucovla söhbətləşmək üçün biz də Kəlbəcər şəhərinə yola düşdük. Oraya səhər saatlarında çatdıq. Günəş yüksəldikcə küçələrdə hərəkətlilik hiss olunurdu - uşaqlar məktəbə, böyüklər işə tələsirdilər.
Cavid də günə iş başında başlayır. Yaşadığı mənzildən çıxaraq şəhərin mərkəzindəki dönərxanaya yollanır.
O, səhər iş yerini açır, gün ərzində şəhər sakinlərinə və qonaqlara xidmət göstərir. Onun üçün bu işin mənası yalnız qazanc əldə etmək deyil, doğma torpaqda öz zəhməti ilə həyat qurmaqdır: “Mən hər gün bu işə gələndə dua edirəm, əlimi açıb, Allaha şükür edirəm ki, biz doğma yurdumuzdayıq. Bu gün qürurla bir dönərçi kimi həm kəlbəcərlilərə, həm də burada işləyənlərə, elimizə qonaq gələnlərə şərəflə və fəxrlə xidmət edirəm”.

1990-cı ildə Kəlbəcərdə doğulan Cavid şəhər işğal olunanda 2 yaşında olub. Kəlbəcəri ona valideynlərinin söhbətləri tanıdıb. “Atam, anam Kəlbəcərin gözəlliyindən, torpağının zənginliyindən o qədər danışırdılar ki, deyirdim, dünyanın ən yaxşı yeri Kəlbəcərdir”, – deyə o vurğulayır.
Ailə sonradan Bakıda məskunlaşıb. Cavidin uşaqlığı və gəncliyi məcburi köçkün dövrünə düşüb. Bakıda işləyib, sonra Türkiyəyə gedib. Ancaq doğma yurdla bağlılığı dəyişməyib. O deyir ki, Bakıda, xaricdə olanda ona “Haralısan?” deyəndə, həmişə “Kəlbəcərliyəm” cavabını verib.
Cavidin illərlə daşıdığı həsrətinin içində başqa bir hiss də olub: doğma yurdundan ayrı düşmüş insanlardan biri kimi tanınmaq.
İndi isə vəziyyət dəyişib. O, fəxrlə öz torpağında olduğunu söyləyir: “İndi fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq…”.
Bunu deyərkən Cavid susur. Onun səsi titrəyir, gözləri dolur. Boğazında sözlər düyünlənir. O, dərindən köks ötürərək özünü toparlamağa çalışır, bir qədər sonra yenidən danışır, baxışlarını ətrafa yönəldir, sanki gözlərinə dolan yaşları görməyimdən çəkinir...
Cavid söhbətini şəhidlərimizi və qazilərimizi yad etməklə davam etdirir: “Şəhidlərimizin ruhu şad olsun, qazilərimiz var olsunlar…”.

Cavid Orucov üçün doğma yurda qayıdışın ən mühüm tərəflərindən biri də övladları ilə bağlıdır. Hazırda onun 4 övladı Kəlbəcərdəki müasir məktəbdə təhsil alır. Cavidin valideynlərindən eşitdiyi, xəyalında canlandırdığı şəhər indi uşaqlarının məktəbə getdiyi, dostlar qazandığı, böyüdüyü məkandır...
Vaxtilə valideynləri Cavidə Kəlbəcəri danışaraq sevdirmişdilər. O, isə bu gün həmin şəhəri övladlarına yaşadaraq tanıdır. Cavid uşaqlıqdan eşitdiyi “Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayır.
Müxbir - Rəşad Rəşidov