Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Tarixi və milli yaddaşın gələcəyə ötürülməsində yeni mərhələyə qədəm qoyulub. Əvvəllər milli yaddaşı, şüuru və kimliyi formalaşdıran əsas vasitələr kitablar, salnamələr, arxivlər və arxeoloji tapıntılar idisə, hazırda sosial şəbəkələr və rəqəmsal mühit də bu prosesdə mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Xəzər İnşaat Həftəsinin ikinci günündə “Rebuild Garabagh” - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi çərçivəsində Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağ həqiqətləri: Rəqəmsal medianın imkanları və sosial təsiri” mövzusunda panel müzakirədə deyib.
O qeyd edib ki, insanlar hazırda həm real, həm də virtual sosial münasibətlər sistemində yaşayırlar. Gənclərin informasiyanı daha çox sosial şəbəkələrdən və rəqəmsal mühitdən əldə etməsi milli kimliyin və tarixi yaddaşın həmin məkanda qorunmasını zəruri edir.
Hikmət Babaoğlu vurğulayıb ki, virtual mühitdə milli kimliyimizi və informasiya sərhədlərimizi qorumalı, başqalarının diktə etdiyi deyil, özümüzün də təsir göstərə bildiyimiz informasiya mühiti yaratmalıyıq.
Deputat süni intellektin tətbiqi ilə əlaqədar Azərbaycan dilinin rəqəmsal mühitdə düzgün təmsil olunmasının vacibliyini də diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan dilinin leksik və qrammatik xüsusiyyətlərinə uyğun rəqəmsal dil korpusunun yaradılması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, dil və əlifba korpuslarının yaradılmasından sonra tarixi yaddaşın rəqəmsal mühitdə əks etdirilməsi də əsas vəzifələrdən biridir.
Hikmət Babaoğlu, həmçinin vurğulayıb ki, Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır. O, Azərbaycanın qədim mədəniyyətinin və tarixinin rəqəmsal mühitdə əks etdirilməsinin, dirçəliş və qayıdış mövzularının rəqəmsal reallığının yaradılmasının vacibliyini bildirib.
Müxbir - Göyçək Mahmudlu
Videooperator - Vüsal Taqiyev