Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsinin ikinci günündə “Sənayeləşmənin tədrisi: Dövri tikinti sənayesi naminə universitet–sənaye əməkdaşlığı” mövzusunda panel müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin Dizayn və Memarlıq fakültəsinin dekan müavini Leyla Həsənovanın moderatorluğu ilə keçirilən paneldə Milan Politexnik Universitetinin və ADA Universitetinin professorları, fəlsəfə doktorları - Cianluka Poççi və Davide Çerati, "Design Bureau" MMC-nin baş direktoru, memar Fizuli Əliyev, eləcə də "Glasstech" LTD şirkətinin təsisçisi və baş meneceri Elşən Süleymanov iştirak ediblər.
Paneldə memarlıq və tikinti sahəsində təhsilin sənaye ilə inteqrasiyası, müasir layihələndirmə yanaşmaları, materiallardan səmərəli istifadə və dövri tikintinin inkişaf perspektivləri müzakirə edilib.
Müzakirələrdə memarlıq təhsilində nəzəri biliklərlə praktiki təcrübənin uzlaşdırılmasının, tələbələrin real layihələrə cəlb edilməsinin və universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxışlarda tikinti zamanı istifadə olunan materialların, enerji sərfiyyatının və tikinti proseslərinin ətraf mühitə təsirlərinin nəzərə alınmasının, eləcə də materialların bərpası və təkrar istifadəsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, onilliklər ərzində tikinti sektorunda sənayeləşməyə ənənəvi yanaşma, əsasən, xətti prosesə əsaslanıb. Bu yanaşmada xammal hasil edilir, məhsullar istehsal olunur, binalar tikilir və istifadə edilir, daha sonra isə sökülür. Ardınca eyni proses yenidən başlayır. Dairəvi tikinti isə bu yanaşmaya yenidən baxmağı tələb edir. Bu çərçivədə sökülməsinə ehtiyac qalmayan binaların layihələndirilməsi, istifadə olunmuş materialların bərpa edilərək yenidən istifadəsi və binaların bütün həyat dövrünün layihələndirmənin ilkin mərhələsindən nəzərə alınması vacib məsələlər kimi diqqətə çatdırılıb.
Paneldə sənaye mütəxəssislərinin tədris prosesinə cəlb olunmasının tələbələrə praktiki bilik və bacarıqlar qazandırmaqla yanaşı, şirkətlər üçün də yeni ideyaların və innovativ həllərin formalaşmasına şərait yaratdığı qeyd edilib. Bildirilib ki, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi gələcəyin memar və mühəndislərinin peşəkar hazırlığına, tikinti sektorunda innovasiyaların tətbiqinə, resurslardan səmərəli istifadəyə və dövri iqtisadiyyat prinsiplərinin geniş yayılmasına töhfə verə bilər.