Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO
Şamaxı, 15 oktyabr, AZƏRTAC
Şamaxıda Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, rayonun müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şamaxı Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin əhəmiyyətindən danışıb. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən Qurultayda müəyyənləşdirilən prioritetlərə toxunaraq qanunun aliliyinin təmin edilməsinin, milli maraqların qorunmasının və ölkənin inkişafı naminə həmrəyliyin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində ağsaqqalların rolundan danışıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova təhsilin keyfiyyətinin yüksəldilməsi və gənclərin bilikli, vətənpərvər vətəndaşlar kimi yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
Əməkdar müəllim Kamal Balakişiyev milli dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasının vacibliyini qeyd edib.
Şəhid atası Rza Nəbiyev şəhid ailələrinə göstərilən dövlət qayğısından və şəhidlərin xatirəsinin yaşadılmasının əhəmiyyətindən bəhs edib.
Şamaxı şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Sahil Şirinov təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və gənclərin milli ruhda yetişdirilməsi məsələlərinə toxunub.
Vətən müharibəsi iştirakçısı Elvin Nəbiyev isə dövlətin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan, gənclərin Vətənə sədaqət ruhunda tərbiyəsinin əhəmiyyətindən danışıb.
Müşavirənin sonunda qurultayın qərarlarından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrası məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Müxbir - Rəşad Rəşidov