Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb VİDEO
Xankəndi, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan–Özbəkistan ali təhsil tərəfdaşlığının inkişafına həsr olunan İkinci Rektorlar Forumu keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forum Azərbaycan ilə Özbəkistan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil olunub.
Forumda hər iki tərəfdən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsi təmsil olunur.
Forumun açılışında çıxış edən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişaf dinamikasını vurğulayıb. Nazir universitetlər arasında akademik əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Müxbir- Rəşad Türkoğlu