Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır VİDEO
Xankəndi, 16 oktyabr, AZƏRTAC
Xankəndidə Azərbaycan–Özbəkistan ali təhsil müəssisələrinin İkinci Rektorlar Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forum çərçivəsində Daşkənd Dövlət İqtisad Universitetinin rektoru Konqratbəy Şaripov çıxış edərək tədbirin ali təhsil müəssisələri arasında yeni tərəfdaşlıqların qurulması və mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, birgə elmi tədqiqatların və təhsil layihələrinin inkişafı üçün belə platformaların mühüm imkanlar yaratdığını bildirib.
Tədbirdə iki ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi tədqiqatların nəticələrinin praktik tətbiqi, innovasiya potensialının artırılması və Azərbaycan–Özbəkistan ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişafı mövzularında panel müzakirələr aparılır.
Forum çərçivəsində, həmçinin iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi və akademik təşəbbüslərin həyata keçirilməsi məqsədilə anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində iştirakçıların Xankəndi və Şuşa şəhərlərinə tanışlıq turlarının təşkili, eləcə də Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbə səfəri planlaşdırılır.
Müxbir-Rəşad Türkoğlu