Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
Xocavənd, 16 oktyabr, AZƏRTAC
“Azərişıq” ASC-nin təşkilatçılığı ilə keçirilən “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının final turu Qarabağın gözəl guşəsi Hadrutda təşkil olunub. Yarışda səhmdar cəmiyyətin Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə keçirilən regional turların qalibləri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində təşkil olunan final yarışının açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib.
Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məlumat olaraq bildirilib ki, yarışların keçirilməsi mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədi daşıyıb. Tədbirdə “Azərişıq” ASC-nin Qarabağda son illər həyata keçirdiyi yenidənqurma işlərini və yarışların finala qədər olan mərhələlərini əks etdirən videoçarxlar nümayiş olunub.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual mərhələdə 11 komanda nəzəri biliklərini sınayıb və sualları cavablandırıblar.
Daha sonra energetiklər peşə bacarıqlarını nümayiş etdiriblər. Onlar müəyyən edilmiş vaxtlar ərzində 3 praktiki tapşırığı – 10 kV-luq elektrik xəttində təmir-bərpa, elektrik cərəyanına düşmüş şəxsin xilas edilməsi, ilkin tibbi yardım göstərilməsi və yanğınsöndürmə əməliyyatlarını yerinə yetiriblər. Üçüncü mərhələdə isə energetik innovativ həllər mərhələsində daha əvvəlcədən hazırladıqları startap layihələri təqdim ediblər.
Günün yekunlarına əsasən “Yasamal EŞ” komandası birinci, "Xaçmaz EŞ" ikinci, “Astara EŞ” komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.
"Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması, insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Müxbir-Aydın Yavərzadə