Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
16 Oktyabr - Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbir çərçivəsində "Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar” adlı panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, panel sessiyaya ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin dekan müavini Səidə Əliyeva moderatorluq edib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini Elina Sulyayeva çıxışında qida təhlükəsizliyinin mühüm amil olduğunu diqqətə çatdırıb. O, qida təhlükəsizliyinin istehsaldan tutmuş istehlaka qədər bütün mərhələlərdə təmin edilməli olduğunu vurğulayıb: "Hər bir istehlakçı məhsul alarkən onun qida təhlükəsizliyinin necə olduğunu bilmək istəyir. İstehlak edilən məhsulların sağlamlığa necə təsir etməsi də önəmli məsələlərdəndir".
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Rəhbərinin proqram üzrə köməkçisi Bariz Mehdiyev gələcəyin qidasına baxarkən ən vacib amilin qida təhlükəsizliyi ilə bağlı olduğunu deyib: "Kifayət qədər qida olmalıdır ki, insanlar onu istehlak edə bilsinlər. Ancaq məlumdur ki, dünyada 650 milyon insan aclıqla mübarizə aparır. Eyni zamanda, daha yaxşı istehsal da əsas məqsədlərdən biridir. Həmçinin ətraf mühitin qorunması məsələsinə də diqqət yetirməliyik. Keyfiyyət amili ilə yanaşı, qida təhlükəsizliyi, dayanıqlılıq və etibarlılıq məsələsi də vacibdir".
"Absheron Olive Garden” MMC-nin Keyfiyyətə Təminat Departamentinin rəhbəri Nigar Əlişova çıxışında gələcəkdə rəqabətin yalnız məhsul istehsalından ibarət olmadığını, eyni zamanda, rəflərdə görəcəyimiz məhsulun dadından, qiymətindən və keyfiyyətindən asılı olacağını deyib. O bildirib ki, istehsal prosesinin bütün mərhələləri təhlükəsiz və sağlam şəkildə təmin edilməlidir.
Panel sessiya işini sual-cavabla başa çatdırıb.