Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünə və Özbəkistan Respublikasının dövlət müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş “Dostluq” konserti keçirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında təşkil edilən konsertdə Azərbaycan bəstəkarlarının əsərləri Özbəkistan Dövlət Xalq Çalğı Alətləri “Sog‘diana” ansamblının ifasında təqdim olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Tədbirdə dövlət və mədəniyyət xadimləri, incəsənət nümayəndələri, professor-müəllim heyəti, tələbələr, media nümayəndələri və musiqisevərlər iştirak ediblər.
Konsertin açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli xalqlarımız arasında münasibətlərin qədim tarixi köklərə söykəndiyini və bu münasibətlərin müasir dövrdə hər iki ölkənin prezidentləri İlham Əliyev və cənab Şavkat Mirziyoyevin rəhbərliyi ilə bütün istiqamətlərdə, o cümlədən mədəni-humanitar sahədə ən yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Mərkəzin direktoru xalq diplomatiyasının Azərbaycan-Özbəkistan münasibətlərində mühüm yer tutduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, mədəniyyət və incəsənət tədbirləri xalqların bir-birinin tarixi, musiqisi və mənəvi dəyərləri ilə daha yaxından tanış olmasına, qarşılıqlı anlaşma və dostluq bağlarının möhkəmlənməsinə xidmət edir. O bildirib ki, “Dostluq” konserti iki ölkənin müstəqillik yubileylərinə həsr olunmaqla yanaşı, xalqlarımızı birləşdirən ortaq dəyərləri, dostluq və qardaşlıq münasibətlərini musiqi vasitəsilə tərənnüm edib.
Konsert proqramında “Sən elə bir zirvəsən”, “Koroğlu” uvertürası, “Sarı gəlin”, “Sevgili canan”, “Çahargah” rapsodiyası, “Qarabağ”, “Küçələrə su səpmişəm”, “Şükriyyə” və digər sevilən Azərbaycan musiqi nümunələri səsləndirilib.
Azərbaycan musiqisinin zəngin melodiyaları və ansamblın peşəkar ifası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsert proqramı tamaşaçılara xoş ovqat bəxş etməklə yanaşı, Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.