“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib VİDEO
Naxçıvan, 16 oktyabr, AZƏRTAC
“Cahan Holding”ə məxsus “BE Group” markası Baku Expo Mərkəzində keçirilən “Baku Build” sərgisində iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “BE Group”un tərkibində olan “BE Pen” ,“Winsa” və “Winlab” markalarının təmsil olunduğu stend sərgidə böyük marağa səbəb olub. Sərgidə iştirak edən sahibkar və təmsilçilər təqdim olunan markalarla tanış olub, ilkin razılıqlar əldə edilib.
Xatırladaq ki, “BE Pen” illik 25000 ton istehsal gücünə malik Cahan sənaye kompleksində ən müasir texnologiyalar vasitəsilə istehsal olunur. Onu da qeyd edək ki, keyfiyyəti, funksionallığı və ekologiya dostu olmağı ilə seçilən “BE Pen” dünya standartlarına cavab verir.
Baku Expo Mərkəzində təqdim olunan stenddə Dominant 70, Dominant 60, Renessans 60 PVC profilləri də sərgilənib. Eyni zamanda, öz sahəsində dünyaşöhrəti qazanmış “Deceuninck”in “Winsa” brendinin ölkəmizdəki rəsmi istehsalçısı olaraq “BE Group” “Winsa” profillərini də “Baku Build” sərgisində təqdim edib.
“Winlab” isə Azərbaycanın ilk rəsmi qapı və pəncərə emalatxanasıdır. Emalatxana avtomatlaşdırılmış yüksək sürət və keyfiyyət prinsipi əsasında işləyir.
Sərgidə “Cahan Holding”in təqdim etdiyi stend detallı təqdimatı, digital həlləri ilə rəqiblərindən seçilib.
Müxbir- Nail Əsgərov