“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Buxarada təşkil olunan “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində Buxara Dövlət Universitetində “Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan və Özbəkistanın elm və təhsil nümayəndələri, tarixçi alimlər, tədqiqatçılar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Buxara Dövlət Universitetinin rektoru, professor Obidjon Hamidov görkəmli Azərbaycan mütəfəkkiri Yusif Qarabağinin Şərq elmi-fəlsəfi fikir tarixindəki yerindən bəhs edərək, onun irsinin araşdırılmasına həsr olunmuş beynəlxalq konfransın məhz Buxarada keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Rektor bu cür elmi tədbirlərin Azərbaycan və Özbəkistan arasında akademik əməkdaşlığın genişlənməsinə və ortaq elmi-mədəni irsin öyrənilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Konfransda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli “Qarabağdan Buxaraya uzanan elm və irfan yolu: Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Azərbaycan–Özbəkistan mədəni-humanitar əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Akif Marifli bildirib ki, Qarabağda doğulan və ömrünün mühüm hissəsini Mərkəzi Asiyanın elm və irfan mühitində keçirən alimin Buxarada yaşayıb-yaratması Azərbaycan və Özbəkistan arasında əsrlər boyu davam edən elmi-mədəni əlaqələrin və xalq diplomatiyası ənənələrinin parlaq nümunəsidir.
Mərkəz rəhbəri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qətiyyətli siyasi iradəsi və birgə səyləri nəticəsində ortaq tarixi köklərə və zəngin mədəni irsə əsaslanan iki qardaş ölkə arasında münasibətlər ən yüksək səviyyəyə yüksələrək əbədi dostluq və strateji müttəfiqlik xarakteri qazanıb və bu, xalqlarımız arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm imkanlar yaradıb.
Konfrans çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən süni intellekt texnologiyalarının tətbiqi ilə hazırlanmış, Azərbaycan mütəfəkkiri Yusif Qarabağinin həyat və yaradıcılığına, zəngin elmi-fəlsəfi irsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Beynəlxalq konfransda alim və tədqiqatçılar tərəfindən Yusif Qarabağinin həyat və yaradıcılığı, elmi-fəlsəfi irsi, Şərq düşüncə tarixindəki mövqeyi və Azərbaycan–Özbəkistan elmi-mədəni əlaqələrinə dair məruzələr dinlənilib. Çıxışlarda mütəfəkkirin fəlsəfə, məntiq və digər elm sahələrinə verdiyi töhfələr, onun yaşadığı dövrün elmi-mədəni mühiti və əsərlərinin tarixi əhəmiyyəti diqqətə çatdırılıb.