Xaçmazda 13 yaşayış məntəqəsini birləşdirən yol əsaslı təmir olunur VİDEO
Xaçmaz, 19 oktyabr, AZƏRTAC
Xaçmazda on iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyindən başlayan yol rayonun Köhnə Xaçmaz, Xaspoladoba, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Müşviq, Müşkür, Hacıqazma, Hacıəhmədoba, Şərifoba, Qaracəlli və Xəzərli kəndlərini birləşdirir.
Təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan 14 nömrəli Yol İstismarı MMC tərəfindən həyata keçirilir.
Əsaslı şəkildə yenidən qurulan yol 4-cü texniki dərəcəyə uyğun inşa edilir. Ümumi uzunluğu 35,2 kilometr təşkil edən yolun hərəkət hissəsinin eni 6 metrdir.
Köhnə Xaçmaz kənd sakini Ceyhun İsrafilov bildirib ki, yolun asfaltlanması sakinlərin rayon mərkəzinə gediş-gəlişini xeyli asanlaşdıracaq.
“Bundan əvvəl yolda hərəkət etmək çox çətin idi. Yayda toz, qışda palçıq olurdu. Çox sağ olsunlar, yolumuzu təmir edirlər. Canımız rahat olacaq. Əvvəl yarım saata getdiyimiz yolu, indi 5-6 dəqiqəyə gedəcəyik”, - deyə C.İsrafilov söyləyib.
Xaspoladoba kəndinin sakini Teymurşah Abdurahmanov bildirir ki, yolun asfaltlanması sakinlərin böyük sevincinə səbəb olub. “İlk növbədə, Prezidentimizə minnətdarlığımızı bildiririk. Onun sərəncamı əsasında yolumuz təmir olunur. Uzun illərdir əziyyət çəkirdik. Bu yoldan əsasən dənizkənarı kəndlərin sakinləri istifadə edir. Yolun asfaltlanması sakinlərin rifahına çox müsbət təsir edəcək”.
Hazırda asfaltlanma işləri Köhnə Xaçmaz kəndi ərazisində aparılır.
Yolun əsaslı təmiri məqsədilə Prezidentin Sərəncamı ilə ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb.