Ağdərədə 868 ev təsərrüfatı və 68 biznes subyekti yüksəksürətli internetlə təmin olunub VİDEO
Ağdərə, 19 oktyabr, AZƏRTAC
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Ağdərə rayonunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə “Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva Ağdərə rayonunun Həsənriz kəndində jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ağdərə rayonunun 1950 təsərrüfatını əhatə edən şəhər mərkəzi, Suqovuşan qəsəbəsi, Həsənriz, Vəngli, Kolatağ, Çapar, Heyvalı, Çıldıran, Aşağı Oratağ və Talış yaşayış məntəqələrində 1768 ədəd rabitə dirəyi basdırılıb, 334 kilometr müxtəlif tipli fiber-optik kabel çəkilib və 9 ədəd OLT (Optik Xətt Terminalı) stansiyası quraşdırılaraq istifadəyə verilib. Bu ərazilərdə telekommunikasiya xidmətləri 868 ev təsərrüfatını və 68 biznes subyektini əhatə edir.
Rayon sakinləri telekommunikasiya xidmətlərinin gündəlik həyatlarında rahatlıq yaratdığını bildirirlər. Həsənriz kənd sakini Sitarə İlyasova internet xidmətindən razılıq edərək deyib: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Doqquz aydır burada yaşayırıq. Çox yaxşı yerdir. Sürətli internet, elektrik enerjisi, təbii qazla təmin olunmuşuq. İnternet vasitəsilə uzaqda yaşayan yaxınlarımızla rahat danışır, ünsiyyət qura bilirik”.
Digər sakin Gülşən Şamilova da internetdən əsasən qohumlarla əlaqə saxlamaq üçün istifadə etdiyini bildirib: “Şükür Allaha, doğma yurdumuza gəlmişik. Övladımın biri xaricdə yaşayır. İnternet vasitəsilə onunla hər gün danışırıq. Kənddə yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Qarabağ regionu üzrə 2026-cı il üçün nəzərdə tutulan mərhələ çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 1000 kilometrdən çox olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edir.
İşğaldan azad edilmiş ərazilərdə, ümumilikdə 11 şəhər, 54 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub, 12 min 267 yeni abunəçi (11 min 596 ev təsərrüfatı və 671 biznes subyekti) şəbəkəyə qoşulub.
Beləliklə, GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfatı və biznes subyektləri) yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim edilir.
Xidmətlərə qoşulmaq istəyən vətəndaşlar “Aztelekom”un “170” Çağrı mərkəzinə, Ağdərə şöbəsinə və ya qurumun rəsmi saytına müraciət edə bilərlər.
Müxbir – Tahir Ağaməmmədov