“SOCGOV 2026” beynəlxalq forumunda 12 ölkədən 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir VİDEO
Bakı, 20 oktyabr, AZƏRTAC
“SOCGOV 2026” sosial xidmətlərin rəqəmsal analitika əsasında inkişafı, “ağıllı” idarəetmə modellərinin tətbiqi və bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsi baxımından mühüm platforma olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov oktyabrın 23-də Xankəndidə keçiriləcək "SOCGOV 2026" beynəlxalq forumu ilə bağlı agentlikdə təşkil olunan mətbuat konfransında bildirib.
Qeyd olunub ki, “Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusuna həsr olunan konfrans yerli və beynəlxalq ekspertləri bir araya gətirəcək. Tədbir sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiq perspektivlərinin qiymətləndirilməsi, dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, çevik və şəffaf model üzərində qurulması üçün innovativ həllərin müəyyən edilməsi məqsədi daşıyır. Beynəlxalq Sosial Təminat Assosiasiyası kimi nüfuzlu qurumların rəsmi təqvimində yer alan forumda dünyanın 12 ölkəsindən 300-ə yaxın nümayəndənin, o cümlədən ekspertlərin və vəzifəli şəxslərin iştirakı gözlənilir.
Məkanın Xankəndi olaraq seçilməsinin simvolik əhəmiyyət daşıdığı, azad edilmiş ərazilərdə qurulan yeni həyatın və “Ağıllı şəhər” konsepsiyasının təqdimatı baxımından önəmli olduğu vurğulanıb.
Fərid Məmmədov bildirib ki, tədbir çərçivəsində TEDx formatında debatlar və tematik işçi qrupları ilə müzakirələr təşkil olunacaq. Müzakirələrin mərkəzində rəqəmsal analitika, süni intellektin sosial xidmətlərə tətbiqi, etik idarəetmə və məlumatlara əsaslanan qərarvermə dayanır.
Forumda sosial xidmətlər sahəsində süni intellektəsaslı innovativ həlləri təşviq edən “AI4DOST Social Award” beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırılması da nəzərdə tutulur. İlk dəfə keçirilən müsabiqəyə sosial sahədə süni intellekt həlləri hazırlayan startaplar, sosial könüllülük və vətəndaş təşəbbüsləri ilə seçilən layihələr, bu sahəyə elmi töhfə verən tədqiqatlar və regional səviyyədə fərq yaradan sosial təşəbbüslər təqdim olunub. Bununla yanaşı, ilin gənc sosial innovatoru, sosial transformasiyanın lideri və sosial sahəyə davamlı töhfə verən şəxslər üçün fərdi mükafatlar da təqdim olunacaq.
Sonra media nümayəndələrinin sualları cavablandırılıb.