Zəngilan Şəhəri Günündə sakinlər doğma yurda qayıdış sevincini bölüşüblər VİDEO
Zəngilan, 20 oktyabr, AZƏRTAC
Zəngilan şəhərində həyat yenidən canlanır. Uzun illər doğma yurdunun həsrəti ilə yaşayan sakinlər bu gün öz torpaqlarında, doğma şəhərlərində Zəngilan Şəhəri Gününü qeyd etməyin sevincini yaşayırlar. Bir tərəfdə işğal illərinin acı izlərini daşıyan dağıntılar, digər tərəfdə isə yenidən qurulan şəhər, salınan yaşıllıqlar və canlanan həyat görünür. Doğma yurda qayıdan sakinlər üçün illərin həsrəti artıq geridə qalıb, yeni həyat başlayıb.
Zəngilan şəhər sakini Hüseyn Nəcəfov da doğma yurda qayıdan sakinlərdəndir. O, övladları və nəvələri ilə birlikdə öz torpağında yaşamağın sevincini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb.
"Çox sevinirəm ki, doğulub boya-başa çatdığım Vətənə qayıtmışam. Mənim üçün bundan artıq sevinc ola bilməz. Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. 30 il müddətində biz torpaqlarımızın həsrətini çəkmişik, şükürlər olsun ki, artıq bu həsrət bitib. Şəhərimizə baxanda bir tərəfdə işğal illərinin dağıntıları görünür, digər tərəfdə isə yenidən qurulan şəhərimiz. Övladlarım və nəvələrimlə qayıtmışam doğma yurda. Zəngilanda üçotaqlı, gözəl şəraiti olan evlə təmin olunmuşuq. Bir oğlum və ailəsi mənimlə yaşayır, digər oğlum isə ayrıca evlə təmin olunub. Yoldaşım və övladlarım işləyirlər, özüm isə təqaüdçüyəm. Ömrümün qalan illərini burada yaşayacağım üçün çox sevincliyəm. İndi Zəngilanımız yenidən firavan günlərinə qayıdır. Ətrafda yaşıllıq, gül-çiçək günü-gündən artır. Mən özüm də yaşadığımız evin ətrafında çoxlu güllər və ağaclar əkmişəm.
Zəngilan Şəhəri Günündə doğma yurda qayıdış sevincini bölüşən sakinlərdən biri də Bağdagül Məmmədovadır. O, mayın 13-də ailəsi ilə birlikdə Zəngilan şəhərinə köçdüyünü və həmin gündən etibarən həyatında yeni bir mərhələnin başladığını deyir. "Çox sevincli günlər yaşayırıq. Doğma yurdumuzdayıq, həsrətimiz bitib. Ali Baş Komandan İlham Əliyevə və ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı arzulayıram. Onların sayəsində biz bu xoşbəxt günlərə qovuşduq. Mayın 13-də Zəngilan şəhərinə köçdük. Həmin gündən sanki yeni bir həyata başlamışam. Şəhərimizdə həyat yenidən canlanır. Gözəl evlər inşa edilib, bütün şərait yaradılıb. Mən Zəngilandan çıxanda 22 yaşım var idi, hazırda 56 yaşım var. Amma özümü çox gümrah hiss edirəm. Ailəmizdən beş nəfər doğma yurda qayıtmışıq".
Doğma torpağa qayıdış sevincini yaşayan digər sakin isə Zəngilan rayonunun Məmmədbəyli kənd sakini Esmira Babayevadır. O da Zəngilan Şəhəri Günü münasibətilə şəhərə gəlib. Deyir ki, vaxtilə ümidlə gözlədikləri günləri indi sevinc və qürurla yaşayırlar.
"Sevincimizin həddi-hüdudu yoxdur. Xoşbəxt günlərimizə qovuşmuşuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Ali Baş Komandana minnətdarıq. Onun rəhbərliyi altında ordumuzun qazandığı qələbə bizi bu günlərə qovuşdurdu. 25 yaşımda məcburi olaraq doğma yurdumuzdan köçkün düşmüşdüm. Ümidim itməmişdi, inanırdım ki, Zəngilanımıza qayıdacağıq. Artıq doğma yurdumuzdayıq. 59 yaşımı öz doğma kəndimdə, Məmmədbəylidə qeyd etdim. Bu, mənim üçün yenidən dünyaya gəlməyə bərabərdir".
Müxbir - Aydın Yavərzadə