Şəkidə tarixi irsin qorunması və turizm potensialının artırılması istiqamətində işlər davam etdirilir VİDEO
Şəki, 20 oktyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mediaturun keçirilməsində məqsəd Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti və həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqlarının ərazisinə yollanan jurnalistlərə buradakı tarixi abidələr və maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib.
Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda, o cümlədən “Yuxarı Baş” qoruğunda tarix, mədəniyyət və təbiət abidələrinin, eləcə də maddi-mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışıb. O, ərazinin turistlər üçün daha cəlbedici məkana çevrilməsi məqsədilə həyata keçirilən bərpa və yenidənqurma tədbirlərini diqqətə çatdırıb. Bildirilib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzi bərpa işlərindən sonra 2026-cı ildə istifadəyə verilib. Hər iki turizm obyektində aparılan bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, Şəkinin qədim sənətkarlıq ənənələrinin yaşadılmasına, həmçinin şəhərin turizm potensialının artırılmasına xidmət edir.
İdarə Heyətinin sədri qoruq ərazisindəki digər tarixi-memarlıq abidələrinin də bərpa və konservasiya işlərinin mərhələli şəkildə davam etdirildiyini vurğulayıb.
M.Ağabəyli qeyd edib ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. 2026-cı ilin yanvar-sentyabr aylarında qoruqdakı muzey və mədəniyyət müəssisələrini, ümumilikdə, bilet almaqla 128 min 487 turist ziyarət edib. Onlardan 72 min 309 nəfəri yerli, 56 min 178 nəfərini isə xarici turistdir. Bundan əlavə, 42 min 50 nəfər qoruğu ödənişsiz qaydada ziyarət edib.
Mediatur çərçivəsində jurnalistlər Qala Divarları Kompleksi daxilində XIX əsrə aid tarixi Barıt anbarı binası ilə tanış olublar. Diqqətə çatdırılıb ki, bərpa və konservasiya işlərindən sonra bu tarixi məkan sənətkarlıq emalatxanası və dulusçuluq mərkəzi kimi fəaliyyət göstərir. Burada həm yerli ustalar tərəfindən Şəkinin məşhur piti qabları (“dopu”) və su qabları hazırlanır, həm də şəhərə gələn turistlər üçün gil sənəti üzrə ustad dərsləri təşkil edilir.
Dulusçu Şöyüb Məmmədov media mənsublarına gildən müxtəlif məişət əşyalarının hazırlanması prosesini əyani nümayiş etdirib.
Mediatur iştirakçıları daha sonra “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə baş çəkiblər. Bu mərkəz ölkənin qədim keramika ənənələrini qorumaq, sənətkarlığı inkişaf etdirmək və ailə təsərrüfatlarına dəstək olmaq məqsədilə yaradılıb. Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşən bu sənətkarlıq ocağında tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, eləcə də müasir avadanlıqlardan istifadə etməklə təlimlər təşkil olunur. Mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə də təlimlər keçirilir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı jurnalistlərə məlumat verilib ki, muzeydə bölgənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, ənənəvi sənətkarlığını və kulinariya irsini əks etdirən eksponatlar nümayiş etdirilir. Burada 3 mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur, onların 1826-sı sərgi zallarında təqdim olunur.
Media nümayəndələri Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə də baxış keçiriblər. Şəbəkə ustası Tofiq Rəsulov jurnalistlərə bildirib ki, mərkəzdə şəbəkə sənətinə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb. Şəbəkə sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi işinə şəkili gənclər böyük maraq göstərirlər. Tofiq usta və şagirdləri şəbəkə nümunələrinin hazırlanması prosesini əyani nümayiş etdiriblər.
Daha sonra Şəki Dövlət Rəsm Qalereyası ilə tanış olan jurnalistlərə məlumat verilib ki, bina tarixi-memarlıq dəyərləri qorunmaqla 2022-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən bərpa olunub. Qalereyanın fondunda 361 eksponat saxlanılır. Bunlardan 71-i (61 rəsm əsəri və 10 heykəl) hazırda ekspozisiyada sərgilənir, 290-ı isə fond otağındadır. Qalereyada həm ölkə, həm də Şəki miqyasında tanınmış Azərbaycan rəssamlarının sənət əsərləri təqdim olunur.
Səfər müddətində media nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Müxbir - Fidan Əlizadə