Ağdaşda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrə həsr olunmuş müşavirə keçirilib VİDEO
Ağdaş, 21 oktyabr, AZƏRTAC
Ağdaşda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı, YAP Ağdaş rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilən VIII Qurultayda Prezidentin ölkənin inkişafına hesablanmış proqram xarakterli çıxışının əhəmiyyətindən danışıb. Bildirilib ki, dövlət başçısının irəli sürdüyü fikirlər xalqımızın milli maraqlarına söykənən strateji hədəfləri, təhlükəsizlik məsələlərini və əhalinin sosial rifahının yüksəldilməsini əhatə edir. Vurğulanıb ki, Ulu Öndərin ideyalarına sadiqliyin ən bariz nümunəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdir. Prezidentin tapşırıqlarından irəli gələrək hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür və hər kəs xalqımızın rifahı naminə öz sahəsində bilik və bacarığını əsirgəməməlidir.
Sonra digər çıxışlar dinlənilib.
Vətən müharibəsi iştirakçıları – Ağdaş Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru İntiqam İbrahimov və M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənlər təmayüllü gimnaziyanın Gənclərin çağırışaqədərki hərbi hazırlıq rəhbəri Şahin Məmmədov, eləcə də şəhid həyat yoldaşı, 9 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi Xəyalə Əliyeva şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, "Böyük Qayıdış" Proqramının uğurla yerinə yetirilməsindən söhbət açıb, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıblar.
"Tərəqqi" medallı, Əməkdar müəllimlər – gimnaziyanın direktoru Şəhla Hacıbalayeva və S.Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Aygün Mahmudova təhsil müəssisələrində ideoloji təhlükəsizliyin təmin edilməsi, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi və keyfiyyətli təhsilin təşkili istiqamətində pedaqoji kollektivlərin üzərinə düşən mühüm vəzifələrdən bəhs ediblər.
Partiyanın VIII Qurultayında nümayəndə kimi iştirak edən Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri Qalib Həsənov və digərləri tədbirlə bağlı təəssüratlarını bölüşərək, gənclərin milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiqlik ruhunda tərbiyə olunmasının, cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsinin, kənar ideoloji təsirlərə və anti-Azərbaycan qüvvələrin qərəzli kampaniyalarına qarşı birgə mübarizə aparılmasının vacibliyini diqqətə çatdırıblar.
Müxbir – Rəşad Türkoğlu