ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri: 5 ildə 35 mindən çox vətəndaşa 850-dən artıq təlim keçmişik VİDEO
Bakı, 21 oktyabr, AZƏRTAC
Bu gün ASAN İnnovativ İnkişaf Mərkəzinin beşillik yubiley tədbiri keçirilir. Fəaliyyətimiz ərzində 35 mindən çox vətəndaşa 150-dən artıq mövzuda 850-dən çox təlim, vörkşop və seminar təşkil edilib. Əsas istiqamətimiz zəngin “ASAN xidmət” təcrübəsi üzərində dizayn olunan yumşaq bacarıqlar təlimləridir. Buraya vətəndaş məmnuniyyətində ASAN modeli, duyğuların və zamanın idarəolunması, ünsiyyət bacarıqları və digər təlimlər daxildir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova deyib.
"Həmçinin fəaliyyət müddəti ərzində blokçeyn və süni intellekt savadlılığı üzrə xüsusi proqramlara başlamışıq. Süni intellekt savadlılığı proqramı 7 mindən çox vətəndaşı əhatə edib, 98 faiz vətəndaş məmnuniyyəti ilə davam etməkdədir. Eyni zamanda, blokçeyn istiqamətində iki ildir ki, təlimlər həyata keçirilir və 1000-dən çox işgüzar şəxs bu təlimlərdən faydalanıb", - deyə A.Cəbrayılova bildirib.