Aidə İbrahimova: Təlimin dəyəri dəyişiklik yaratmaqdır VİDEO
Bakı, 21 oktyabr, AZƏRTAC
Bu gün yalnız biliklərin ötürülməsi ilə kifayətlənməməliyik. Hesab edirəm ki, əsas məsələ həmin biliklərin fəaliyyət nəticələrinə dərhal, yaxşı mənada, maksimum operativ şəkildə ötürülməsi və çevrilməsidir. Həmçinin əməkdaşların bilik və bacarıqlarının onların fəaliyyət nəticələrinə bir dəyişiklik gətirməsi ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzinin İdarə Heyətinin sədri Aidə İbrahimova ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyi ilə bağlı hesabat tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, ötən dövrdə qurumlar birgə fəaliyyət çərçivəsində əməkdaşlıq edib, bir-birlərinin təcrübəsindən, bilik və bacarıqlarından faydalanıblar.
Aidə İbrahimova bildirib ki, ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyəti yalnız qurumlar arasında əməkdaşlıqla məhdudlaşmayıb, ölkənin insan kapitalının inkişafına da xidmət edib.
İdarə Heyətinin sədri qarşıdakı dövrdə görüləcək işlərin çox olduğunu vurğulayıb. Eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsinin davam edəcəyinə və maraqlı layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Müasir dövrdə öyrənmə sistemlərinin dəyişdiyini vurğulayan Aidə İbrahimova deyib ki, təlimin dəyəri onun təşkilində deyil, dəyişiklik yaratmasındadır. O, bu tip mərkəzlərin ölkənin peşəkar inkişaf ekosistemində həmin dəyişikliyi yarada bildiyini vurğulayıb.
İdarə Heyətinin sədri müasir öyrənmə sistemlərinin ölkədə tətbiqində və inkişafında ASAN İnnovativ İnkişaf Mərkəzinin rolunun davamlı olacağına əminliyini ifadə edib.