Özge Özkan: ASAN ilə əməkdaşlığımızı strateji tərəfdaşlığın başlanğıcı kimi görürük VİDEO
Bakı, 21 oktyabr, AZƏRTAC
Biz ASAN ilə əməkdaşlığımıza yalnız bu günün ehtiyaclarına cavab verən təlim tərəfdaşlığı kimi deyil, gələcəyə yönəlmiş daha böyük və strateji əməkdaşlığın başlanğıcı kimi baxırıq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin beynəlxalq işgüzar əlaqələrin inkişafı üzrə meneceri Özge Özkan ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyi ilə bağlı hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, bu günü dəyərli edən məqamlardan biri də ASAN ilə ortaq dəyərlər və gələcəyə dair ümumi baxış əsasında qurulan əməkdaşlıqdır: "Azərbaycan mədəni əlaqələr, ortaq dəyərlər və qarşılıqlı öyrənmək istəyi baxımından bizim üçün xüsusi ölkədir. Uğurlu tərəfdaşlıq yalnız eyni masa ətrafında bir araya gəlməklə deyil, eyni baxışı və ortaq gələcək idealını bölüşməklə mümkündür. ASAN ilə əməkdaşlığı bir araya gətirən əsas məqamlardan biri də bu ümumi yanaşmadır".
Özge Özkan birlikdə həyata keçirdikləri AKAP (ASAN Karyera Akselerasiya Proqramı) layihəsinin bu əməkdaşlığın ən gözəl nümunələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, proqram çərçivəsində qərarvermə, komanda ünsiyyəti, birgə iş və innovasiya mədəniyyəti, eləcə də süni intellekt kimi müxtəlif mövzulara diqqət yetirilib.
O əlavə edib ki, hər iki qurum üçün əsas məqsəd bu mövzular üzrə biliklərin sadəcə ötürülməsi deyil, gənclərin düşüncə tərzinə, baxışlarına və həyata münasibətlərinə töhfə vermək olub.
O bildirib ki, Sabancı Universitetinin qlobal universitet olmaq baxışının mühüm istiqamətlərindən biri müxtəlif coğrafiyalarda güclü əlaqələr qurmaq, ortaq düşüncə ilə yeni ideyalar yaratmaq və bilikləri birlikdə daha səmərəli şəkildə tətbiq etməkdir. Onun sözlərinə görə, beynəlmiləlləşmə yalnız sərhədləri aşmaq deyil, həm də bir-birinin təcrübəsindən öyrənərək daha yaxşı gələcək qurmaqdır.
Özge Özkan ASAN ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini, bu layihənin daha geniş inkişaf təşəbbüslərinə və yeni layihələrə yol açmasını arzuladıqlarını bildirib. O, gələcəkdə daha çox gəncə, liderə və biznes mütəxəssisinə çatmaq, onların potensialını üzə çıxarmaq və Azərbaycanın gələcəyini formalaşdıracaq bacarıqların inkişafına birgə töhfə vermək istədiklərini vurğulayıb.