ASAN İnnovativ İnkişaf Mərkəzi beş ildə 350-dən çox qurumla əməkdaşlıq edib VİDEO
Bakı, 21 oktyabr, AZƏRTAC
Beş il ərzində biz 350-dən çox dövlət və özəl qurumla əməkdaşlıq etmişik.
AZƏRTAC xəbər verir ki, bunu ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova mərkəzin 5 illiyi ilə bağlı hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, əməkdaşlıq iki formada həyata keçirilib. Birinci halda qurumlar təlim ehtiyaclarının təhlili üçün mərkəzə müraciət edib və müəyyənləşdirilən ehtiyaclara uyğun proqramlar hazırlanıb. İkinci halda isə mərkəz təlim proqramını elan edib, şəxslər öz qurumlarına müraciət edərək, həmin təlimin həmkarları üçün təşkil olunmasını təmin ediblər.
Aysel Cəbrayılova qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində iki ardıcıl mərhələdə 700 nəfər məktəb və bağça direktoruna “ASAN xidmət” təcrübəsi əsasında vətəndaş məmnuniyyəti üzrə təlimlər keçirilib. Həmin proqram çərçivəsində idarəetmə bacarıqları üzrə təlimlər də təşkil olunub.
O vurğulayıb ki, ildən-ilə təlim mövzuları dəyişir və inkişaf edir, daha çox yumşaq bacarıqların formalaşdırılmasına yönəlir. Problem həlletmə bacarıqları üzrə həm kreativ, həm də çevik həll yollarına dair müxtəlif təlimlər təşkil olunur. Bu təlimlər tərəfdaş qurumların ehtiyacları təhlil edildikdən sonra hazırlanır və həyata keçirilir.
Aysel Cəbrayılova beynəlxalq təcrübənin ölkəyə gətirilməsi zamanı onun yerli şəraitə uyğunlaşdırılmasına da diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, bu prosesdə yerli ekspertlər iştirak edir və təlimlərdə yerli təcrübəyə əsaslanan nümunələrdən istifadə olunur. Bu yanaşma beynəlxalq təcrübədə öyrənilənlərin iş prosesində daha rahat tətbiq edilməsinə imkan yaradır.
Mərkəzin rəhbəri qeyd edib ki, əməkdaşlıqların genişləndirilməsi və yeni təlim mövzularının əlavə olunması istiqamətində işlər davam etdirilir. Mövzular əməkdaşlıq edilən qurumların və təlimlərdə iştirak edən əməkdaşların töhfələri ilə daha da zənginləşdirilir.